Metroda qatarların qapılarını saxlayanlar 50 manat cərimə olunacaqlar

“Metroda qapıları saxlayıb qatarın hərəkətinə mane olan kifayət qədər sərnişin var. Bundan sonra həmin şəxslər cərimələnəcəklər”. 

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev belə deyib.

O bildirib ki, gün ərzində metrodan 700 mindən çox sərnişin istifadə edir: “Xüsusilə pik saatlarda qatarın qapılarının sərnişinlər tərəfindən saxlanması məsələsinə nəzarət etmək çox çətindir”.

N.Paşayevin sözlərinə görə, sərnişinlər özləri qapıları saxlamaqla həm qrafiki pozduqlarını, həm də qapılara zərər yetirdiklərini başa düşməlidirlər:

“Başa düşürük, pik saatlarda sərnişin çox olur, hamı qatara minmək istəyir. Ancaq nəzərə almaq lazımdı ki, qapı saxlamaq çıxış yolu deyil”.

Şöbə rəisi qatarın qapısının saxlanmasına görə İnzibati Xətalar Məcəlləsində 50 manat cərimə nəzərdə tutulduğunu deyib: “Bu məsələyə polis nəzarət edir”.