N!DA “Nidaçı məhbusların həyatı təhlükədə” adlı tədbir keçirib [foto-video]

NİDA həbsdəki üzvləri ilə bağlı tədbir keçirib.

Abzas.net xəbər verir ki, NİDA Vətəndaş Hərəkatı həbsdəki üzvlərinin həyatına olan təhlükələrlə bağlı “Nidaçı məhbusların həyatı təhlükədə” adlı tədbir keçirib.

Tədbirdə vəkillər, hüquq müdafiəçiləri, siyasi partiyaların nümayəndələri, siyasi məhbus ailələri və fəallar iştirak edib.

NİDA İdarə Heyətinin üzvü Rəhman Məmmədli yerli ictimaiyyəti bu məsələyə maksimum diqqət ayırmağa çağırıb:

“Bu məsələni nə qədər çox adam yaysa, nə qədər çox insanın xəbəri olsa, etirazımız da o qədər güclü olacaq. Güclü etiraz olarsa hakimiyyət bununla hesablaşmalı olacaq və məhbuslarımıza qarşı bu cür davranışdan əl çəkəcək”.

Tədbirdə çıxış edən Bayram Məmmədovun ansı Sevinc Məmmədova bildirib ki, Bayramın vəziyyəti heç də yaxşı deyil:

“Əgər bu gün Bayrama sahib çıxmasaq, sabah hər bir məhbusun həyatı təhlükədə olacaq. Bu gün Bayramla danışdım. O bildirdi ki, vəziyyəti heç də ürəkaçan deyil”.

NİDA İH-nin digər digə üzvü Əbülfəz Qurbanlı hakimiyyətdən siyasi məhbuslara qarşı qeyri-insani rəftara son qoymağı tələb edib:

“Avqust ayında İlkin Rüstəmzadə, 1 ay bundan qabaq Qiyas İbrahimov, indi isə Bayram Məmmədov həbsxanada ölümlə hədələnir. Biz bununla bağlı son 4 gündə 3 tədbir təşkil etmişik. Hakimiyyətin nəzərinə çatdırırıq ki, bu özbaşınalığa son qoyulamayana kimi dayanmayacayıq. Yerli və beynəlxalq ictimayyəti bu məsələ haqda məlumatlandıracayıq və bütün dinc vasitələrlə etiraz edəcəyik”.

NİDA üzvü Samir Əsədli çıxışında bildirib ki, hakimiyyətin Bayram və Qiyasa qarşı nifrətinin səbəbi, onların Heydər Əliyevin heykəlinə şüar yazması ilə bağlıdır:

“Ölkə faktiki bir ailə tərəfindən idarə olunur. Və bu ailəyə toxunan istənilən hadisələrə qarşı dözümsüzdülər. Qiyas və Bayram Heydər Əliyevin heykəlinə şüar yazıblar və məhz buna görə həbs olunublar. Hakimiyyətin qulları olan həbsxana rəisləri, onların müavinləri  də rəhbərliyə yarınmaq üçün bu uşaqlara bacardıqları qədər zülm edirlər”.

Tədbirdə siyasi partiyaların nümayəndələri, vəkillər, hüquq müdafiəçiləri və digər məhbus valideynləri də çıxış ediblər.