Nümayəndəlik institutunun ləğvi ilə bağlı məsələ 2018-ci ilin fevralında müzakirə olunacaq

Azərbaycanda nümayəndəlik institutunun ləğvi məsələsi ilə bağlı layihənin yenidən müzakirəyə çıxarılacağı vaxt məlum olub.

Layihə 2018-ci ilin yaz sessiyasında, fevral ayında nəzərdə tutulan plenar iclaslardan birində müzakirəyə çıxarılacaq.

Layihəyə bir sıra düzəlişlər nəzərdə tutulub. Belə ki, nümayəndəlik institutunun tam ləğv olunması yox, məhkəmələrdə çıxış edəcək nümayəndələrin təmsilçiliyində ixtisas baxımından konkretləşdirmə aparılması planlaşdırılır. Eyni zamanda, vəkillərin sayının artırılması ilə bağlı atılacaq addımlara da yer veriləcək.

Milli Məclisin oktyabrın 20-də keçirilən iclasında Mülki Prosessual, İnzibati Prosessual məcəllələrə və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişikliklər gündəlikdən çıxarılıb. Spiker Oqtay Əsədov buna qanun layihələrindəki çatışmazlığı səbəb göstərib. Mülki Prosessual, İnzibati Prosessual məcəllələrə və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna təklif olunan dəyişiklik nümayəndəlik institutunun qadağan olunması ilə bağlıdır.

Qısa müddət öncə isə bu məsələnin Milli Məclisin gündəliyindən çıxarılmasının səbəbi məlum olub.

Məlumata görə, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrinə dəyişiklik edilməməsinin səbəbi Azərbaycanda vəkillərin sayının az olması ilə bağlıdır.

Ölkədə ümumi vəkillərin sayı 1000-ə yaxındır. Yəni, Azərbaycanda 10 min nəfərə cəmi bir vəkil düşür. Azərbaycanın regionlarında isə 250 civarında vəkil fəaliyyət göstərir. Bütün bunlar bir sıra məhkəmə çəkişmələrində nümayəndənin vəkillə əvəz edilməsi problemlər yarada bilər.

Müqayisə üçün deyək ki, Azərbaycanda vəkillərin sayı bəzi post-sovet ölkələrindəki vəkillərin sayından azdır. Məsələn, qonşu Gürcüstanda vəkillərin sayı Azərbaycandakından 4 dəfə çoxdur.

Ali Məhkəmənin Milli Məclisə təqdim etdiyi dəyişiklik layihəsində bir sıra məhkəmə çəkişmələrində nümayəndəlik institutunun daha peşəkar-vəkillik institutu ilə əvəzlənməsi nəzərdə tutulurdu, vəkillik institutunun daha da gücləndirilməsi təklif edilirdi. Bundan başqa, layihəyə əsasən, kassasiya instansiyasında, yəni, Ali Məhkəmədə işlərə baxılan zaman nümayəndənin iştirakına yol verilməyəcək.

Əvvəlki məqaləSabaha olan hava proqnozu açıqlanıb
Növbəti məqalədəHər şeyi lağlağıya çevirmək haqqında – Seymur Baycan