Siyavuş Novruzov: “Vətəndaşların ölkə başçısını dəstəkləməsi bəzi qüvvələri narahat edir”

“Milli Məclisdə QHT-lərlə bağlı qanunlara edilən əlavə və düzəlişlər beynəlxalq təşkilatlara düzgün formada çatdırılmalıdır”

Abzas.net xəbər verir ki, bunu Milli Məclisdə deputat Siyavuş Novruzov bildirib.

O qeyd edib ki, beynəlxalq təşkilatlar qəbul edilən qərarları müxalifət mənbəyindən, ölkəmizi istəməyənlər tərəfindən deyil, beynəlxalq təşkilatlarda ölkəmizi təmsil edənlərin dilindən düzgün şəkildə öyrənməlidir.

Azərbaycanda hansısa təşkilatın fəaliyyəti məhdudlaşdırılır

“Onlar düşünməməlidir ki, Azərbaycanda hansısa təşkilatın fəaliyyəti məhdudlaşdırılır. Azərbaycan prezidentinin apardığı uğurlu siyasət , ölkədə olan sabitlik, iqtidar- xalq birliyi, Azərbaycan vətəndaşlarının ölkə başçısını dəstəkləməsi bəzi qüvvələri narahat edir. Bunun nəticəsidir ki, son vaxtlar ölkəmiz haqqında müxtəlif bəyanatlar verilir, xarici mətbuatda müxtəlif yazılar dərc edilir. Bununla bağlı həm deputatlar, həm də ictimaiyyət nümayəndələri öz mövqelərini ortaya qoyublar. Bu qərəzçilik aradan qaldırılmalıdır” – deyə Millət Vəkili əlavə edib.

Siyavuş Novruzov bildirib ki, artıq qərəzçilik beynəlxalq təşkilatlara da sirayət edib və bunun nəticəsində ölkəmizə qarşı ikili standartlar tətbiq olunur.

Son vaxtlar Avropa Şurasında istiqamət Azərbaycan və Türkiyəyə yönəlib. Bu da ölkəmizin düzgün, müstəqil siyasətinin bariz nümunəsidir

“Elə ölkələr var ki, Avropa Şurasının, digər təşkilatların üzvüdür, lakin heç bir öhdəlik yerinə yetirmir. Belə olan halda, onlar haqqında heç bir iş görülmür. Son vaxtlar Avropa Şurasında istiqamət Azərbaycan və Türkiyəyə yönəlib. Bu da ölkəmizin düzgün, müstəqil siyasətinin bariz nümunəsidir. Azərbaycanın siyasəti əsasən Ulu öndər tərəfindən qoyulan və hazırda ölkə başçısı tərəfindən uğurla həyata keçirilən balanslı siyasətdir. Azərbaycanda keçirilən beynəlxalq tədbirlər erməni lobbiçilərini və Azərbaycanda onlara dəstək verənləri narahat etməyə başlayır. Biz hər bir tövsiyəni dinləməyə hazırıq. Bu baxımdan hesab edirəm ki, bizim hər bir qurumda təmsil olunan millət vəkillərimiz həmin təşkilatlara çatdırmalıdırlar ki, Azərbaycan hər bir quruma öz dəyərləri ilə daxil olub. Hesab edirəm ki, Milli Məclis bununla bağlı qanunvericilikdə müəyyən addımlar atmalıdır” – deyə Millət Vəkili bildirib.