Sumqayıt yolunda tələbələrin ölümü ilə nəticələnən qəzaya görə kompensasiya ödənilib

Bakı-Sumqayıt yolunda 6 tələbənin ölümü ilə nəticələnən yol qəzası zamanı zərərçəkmiş kimi tanınan şəxslərə kompensasiya veriləcək.

Abzas.net xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosu  (İSB) məlumat verib.

Bakı-Sumqayıt yolunda 2017-ci ilin 9 mart tarixində ali məktəb tələbələrini daşıyan “Ford” markalı nəqliyyat vasitəsinin səbəb olduğu, çoxsaylı insan tələfatı və sağlamlığa xəsarət halları ilə nəticələnən faciəvi yol-nəqliyyat hadisəsində zərərçəkən kimi tanınmış şəxslərə ümumilikdə 41 250 manat məbləğində kompensasiya ödənişlərinin verilməsi təmin edilib.

Kompensasiya ödənişlərinin verilməsinə əsas, hadisəni törətmiş nəqliyyat vasitəsinin qəzanın baş verdiyi tarixdə avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta müqaviləsinin olmaması olub. Belə ki, “İcbari sığortalar haqqında” qanunun 32.1.3-cü maddəsinin tələblərinə əsasən İSB tərəfindən kompensasiya ödənişinin verilməsinin əsas şərtlərindən biri avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxsin sağlamlığına zərər vurulduqda həmin qanunda tələb olunan avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin  olmamasıdır.

İSB tərəfindən sığortasız sürücülüklə bağlı kompensasiya ödənişləri yalnız sağlamlığa vurulmuş zərər üzrə verilir.

Bu il martın 9-da Abşeron rayonunda Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi “Ford” markalı mikroavtobus Elvin Şəmistanlıya məxsus “ZİL” markalı yük avtomobilinə çırpılıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 6 nəfər ölüb, 21 nəfər xəsarət alıb. Sərnişinlər Sumqayıt Dövlət Universitetinin tələbələri olub.

Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülən sürücü Namiq Hüseynov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il  müddətinə azadlıqdan məhrum edilib.