Tacikistanın Azərbaycandakı səfiri Baş Prokurorluqda olub

Oktyabrın 26-da baş prokuror Zakir Qaralov Tacikistanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyevlə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya bildirilib ki, görüşdə dost və qardaş ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən hüquqi əlaqələrin uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb. Baş prokuror bildirib ki, hər iki dövlətin prezidentləri İlham Əliyevin və Emoməli Rəhmonun ciddi səyləri nəticəsində Azərbaycan-Tacikistan əlaqələri günü gündən inkişaf edir və  əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensial mövcuddur.

Səmimi qəbula görə təşəkkürünü ifadə edən səfir R. Soliyev iki dövlət arasında əlaqələrin regionda sülhə və tərəqqiyə xidmət etdiyini və əlaqələrin inkişaf etdirilməsi üçün bundan sonra da səylərini əsirgəməyəcəyini bildirib.

Daha sonra hər iki dövlətin prokurorluq orqanları arasında əməkdaşlıq, cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya və sair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.