Vergilər Nazirliyi: “Turan”ın hesablarına həbs qoyulması texniki nasazlığa görə olub

Vergilər Nazirliyi “Turan” İnformasiya Agentliyinin bank hesablarına həbs qoyulması ilə bağlı açıqlama verib. Bu barədə Report xəbər yayıb. 

Məlumata görə, vergi ödəyiciləri vergi öhdəliklərini vaxtında yerinə yetirmədikdə, onların bank hesablarına Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sərəncam qoyulur:

“Bank hesablarına sərəncam qoyulması və qoyulmuş sərəncamın geri götürülməsi Vergilər Nazirliyi ilə banklar arasında bağlanılmış elektron sənəd mübadiləsi haqqında kollektiv sazişin tələblərinə əsasən insan amili olmadan, avtomatlaşdırılmış qaydada və elektron şəkildə həyata keçirilir”.

Nazirliyin məlumatında deyilir ki, proqram təminatında yaranmış texniki nasazlıq səbəbindən “Turan” İnformasiya Agentliyinin bank hesabına sərəncam qoyulub və dərhal bu nasazlıq aradan qaldırılaraq sərəncam geri götürülüb.

Xatırlatma

Aavqustun 7-də Bakı Lokal Vergilər Departamenti agentliyin 31 iyul 2014-cü ildən 31 iyul 2017-ci ilə qədər olan dövrdə 26 907 manat məbləğində vergi ödənişindən yayınması və təxminən 10 000 manat cərimə tətbiq edilməsi haqqında qərar çıxarıb. Agentlikdən tələb olunan ümumi məbləğ təxminən 37000 manat təşkil edib.

Avqustun 8-də Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti faktla bağlı səyyar yoxlamaya başlayıb.

Buna paralel olaraq, agentliyə qarşı cinayət işi açılıb, onun direktoru Mehman Əliyev isə avqustun 24-də həbs edilib. Sentyabrın 11-də ona qarşı “başqa yerə getməmək” haqqında qətimkan tədbiri seçilib.

Agentlik bu qərarı qanunsuz hesab edib və avqustun 14-də 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə iclası sentyabrın 27-nə təyin edilib və tərəflərin iştirakı ilə keçirilib. Növbəti iclas oktyabrın 11-də keçiriləcək.

Demək olar ki, avqustdan etibarən agentliyin maliyyə-təsərrüfat fəaliyyəti iflic vəziyyətindədir. Agentliyin əməkdaşları sentyabrın 5-dən müvəqqəti ödənişsiz məzuniyyətə göndəriliblər və könüllü əsaslarla işi qismən davam etdirirlər.

Vergilər Nazirliyi oktyabrın 2-də Turan agentliyinin hesabları olan banklara hesaba daxil olan pul vəsaitlərinin agentliyin vergi borcunun ödənilməsi üçün müsadirə edilməsi haqqında göstəriş göndərib.

Bu qərar Turan İnformasiya Agentliyinin oktyabrın 1-dən işini bərpa etməsindən sonra banklara göndərilmişdi.