YUNESKO-nun yeni rəhbərinin adı cümə günü məlum olacaq

YUNESKO-nun yeni baş direktorunun seçkilərinin bazar ertəsi Parisdə keçirilən birinci mərhələsi nəticə verməyib.

Turan-nın məlumatına görə, namizədlərin heç biri qələbə üçün lazım olan mütləq səs çoxluğunu qazanmayıb.

YUNESKO-nun yeni rəhbəri vəzifəsinə yeddi ölkənin nümayəndələri: Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlu, Vyetnamın YUNESKO məsələləri üzrə milli komissiyasının sədri Suan Şon Fam və Misirin ailə və cəmiyyət məsələləri üzrə sabiq naziri Muşir Hattab, Qatarlı diplomat Hamad bin Abdulaziz Əl-Kavari, Çini təmsil edən YUNESKO baş direktorunun müavini Tsyan Tan, Livan Mədəniyyət Nazirliyinin müşaviri Vera El-Xuri Lakey və Fransanın keçmiş mədəniyyət naziri Odri Azule namizəddir.

Favoritlər…

RİA Novosti-nin məlumatına görə, səsvermənin ilk gününün favoritləri üçlüyünə Qatar, Fransa və Misirli namizədlər daxil olub.

Səsvermənin növbəti mərhələsi çərşənbə axşamı keçiriləcək. Yeni rəhbərin adının oktyabrın 13-də açıqlanacağı gözlənilir.

Seçkilərdə qalib gələn namizəd YUNESKO-nun payızın sonlarında keçiriləcək 39-cu Baş Konfransında təsdiq ediləcək.