Əfqan Muxtarlının məhkəməsinin tarixi açıqlanıb

Həbsdə olan NİDA Vətəndaş Hərəkatının üzvü, jurnalist Əfqan Muxtarlının cinayət işi üzrə məhkəmə iclasının vaxtı məlum olub.

Abzas.net xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat verib.

Vəkil bildirib ki, məhkəmə noyabrın 30-na təyin edilib.

Məhkəmə Balakən Rayon Məhkəməsində hakim Hümbət Səlimovun sədrliyi ilə keçiriləcək.

Xatırlatma

Mayın 29-u jurnalist Əfqan Muxtarlının Gürcüstanda itkin düşdüyü xəbəri çıxıb. Bir gün sonra jurnalistin Dövlət Sərhəd Xidmətində saxlanıldığı məlumatı yayılıb.

Dövlət Sərhəd Xidməti onun Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçən zaman saxlanıldığını bildirir.

Əfqan Muxtarlı və yaxınları, o cümlədən, yerli və beynəlxalq ictimayyət jurnalistin Gürcüstandan oğrulanaraq Bakıya gətrildiyini bildirir.

Mayın 31-i Səbail rayon məhkəməsi Əfqan Muxtarlı haqqında 3 ay həbs qətimkan tədbiri seçib. Daha sonra bu müddət iki dəfə uzadılıb.

Əfqan Muxtarlının Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində aparılan istintaqı artıq başa çatıb.