2018-ci ilin ilk 9 ayında AÇG-yə 1.229 mlrd. dollar xərclənib

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli”(AÇG) yataqlar blokunun işlənməsi layihəsinə 1,229 mlrd. ABŞ dolları xərcləyib.

Bu barədə “BP-Azerbaijan” şirkəti məlumat verib.

AÇG-yə 339 mln. dollardan artıq əməliyyat məsrəfləri və təqribən 890 mln. dollar əsaslı məsrəflər xərclənib.

Bu ilin 9 ayı ərzində AÇG layihəsi üzrə xərclərin həcmi ötən ilin müvafiq dövründən 18% azdır.

Xatırladaq ki, “AÇG” yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. 1995-ci ilin fevralında ABƏŞ yaradılıb.

Bu il sentyabrın 14-də “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanıb. Saziş oktyabrın 31-də Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunub.

Yeni müqavilədə tərəfdaşların pay bölıgüsü bu nisbətdədir:BP – 30,37%, AzACG (SOCAR) – 25,00%, “Chevron” – 9,57%, “Inpex” – 9,31%, “Statoil” – 7,27%, “ExxonMobil” – 6,79%, TP – 5,73%, “Itochu” – 3,65% və “ONGC Videsh Ltd.” (OVL) – 2,31%.