Avropa Parlamentində çirkli pulların yuyulması ilə bağlı dinləmələr keçirilir

Noyabrın 28-də Avropa Parlamentinin PANA komitəsində (çirkli pulların yuyulmasına, vergi ödənişindən yayınmaya qarşı mübarizə üzrə komitə) beynəlxalq jurnalist şəbəkəsinin “Çirkli pulların yuyulması: NLB maliyyə qrupu, “Azərbaycan landromatı” adlı araşdırmaları ilə bağlı ictimai dinləmələr keçirilir.

Avropa Parlamentinin saytında yer alan məlumata görə, dinləmələr iki paneldə keçiriləcək və maraqlı tərəflərin nümayəndələri dinləmələrə dəvət olunacaq.

İştirakçılar Sloveniyanın NLB maliyyə qrupunun fəaliyyəti ilə bağlı çirkli pulların yuyulması faktlarını müzakirə edəcəklər.

Həmçinin, beynəlxalq OCCCR şəbəkəsinin “Azərbaycan landromatı” araşdırması müzakirə predmeti olacaq. Müəlliflərin iddiasına görə, 2012-2014-cü illərdə Azərbaycanda jurnalistlərin və fəalların həbsləri baş verərkən ölkədən yuyulmaq üçün 2,5 mlrd. avro (2,8 mlrd. dollar) çıxarılıb. Bu vəsait yüksək vəzifəli məmurların daşınmaz əmlak və dəyərli əşyalar almasına, habelə Qərbdə hakimiyyətin maraqlarını təşviq etmək məqsədilə Avropalı siyasətçilərin cəlb edilməsinə xərclənib.