Azərbaycanda regionların kreditləşməsi 18% azalıb

Azərbaycanda regionların kreditləşməsi prosesi illik müqayisədə 460,6 mln. manat və ya 18,2% azalaraq 2017-ci il oktyabrın 1-nə 2 071 mln. manat təşkil edib. Beləliklə, ölkə üzrə cəmi kredit qoyuluşunun 16,65%-i bölgələrin payına düşüb.

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, regionlar üzrə ən çox kredit qoyuluşu Aran iqtisadi rayonunda (498,4 mln. manat) qeydə alınıb. Eyni zamanda, ən yüksək orta faiz dərəcəsi də (illik 22,3%) bu regionda müşahidə olunub.

2017-ci il oktyabrın 1-nə ölkə iqtisadiyyatına cəmi kredit qoyuluşu 12 437 mln. manat təşkil edib və bunun 10 366 mln. manatı və ya 83,35%-i Bakı şəhərini əhatə edib. Ölkədə kreditlər üzrə orta faiz dərəcəsi illik 11,8% təşkil etdiyi halda, Bakı şəhərində 10,4% olub, regionlarda isə 8,6-22,3% arasında dəyişib.