Azərbaycanda xarici borclanma ilə bağlı strategiya hazırlanır

“Azərbaycanda xarici borclanma ilə bağlı strategiya hazırlanır”.

“APA-Economics”in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib. Onun sözlərinə görə, bu gün Azərbaycan dünyada ən az  xarici borcu olan on ölkədən biridir.

“Lakin hesab edirəm ki, biz borclanmaya getməliyik. Çünki borc almayan və verməyən  ölkəyə kredit verilmir. Ona görə Azərbaycan da xarici borclanmaya  getməlidir. Biz xarici borclanmaya getməklə müasir texnoloji avadanlıqlar almalıyıq. Bu olmadan biz iqtisadiyyatı inkişaf etdirə bilmərik”- deyə, komitə sədri vurğulayıb.

O əlavə edib ki, prezident İlham Əliyevin tapşırığına əsasən hazırlanan xarici borclanma ilə bağlı xüsusi strategiya daha məsuliyyətli yanaşmanı təmin edəcək: “Bu borclanma bizə iqtisadiyyatımızın daha da inkişafına təkan verəcək. Lakin hər istəyən borc ala bilməyəcək. Çünki bütün borclar ekspertizadan keçəcək. Lazımsız borclanmaya gedənlər isə məsuliyyətə cəlb  olunacaq. Artıq bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklər də edilib”- deyə, o bildirib.