Azərbaycanlı əsgərin cəsədinin qaytarılması ilə dövlət komitəsi məşğul olur

Təmas xəttininin Ermənistan mövqeləri yaxınlığında tapılmış Azərbaycan hərbçisinin cəsədinin qaytarılması ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məşğul olur, BBC Azərbaycancaya Müdafiə Nazirliyindən bildirilib.

Dövlət komissiyasının məlumatına əsasən məsələ ilə bağlı “təxirəsalınmaz tədbirlər” davam etdirilir.

“Yayılmış məlumatın araşdırılması və təsdiq ediləcəyi təqdirdə cəsədin qaytarılması üçün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aidiyyəti beynəlxalq təşkilatlara müraciət edilmişdir”.

Müdafiə Nazirliyi Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində cəsədin aşkar olunması ilə bağlı məlumat cümə axşamı təsdiqləyib.

Nazirlik məsələ ilə bağlı cinayət işinin açıldığını və istintaqın davam etdirildiyini xəbər verir.

“Hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən, 05.01.2017-ci il tarixdə Sədərək rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Cəlilbəyli Bəhrüz Pərviz oğlunun (27.11.1998-ci il təvəllüdlü) meyitinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətindəki qoşunların təmas xəttində, Ermənistan silahlı qüvvələrinin mövqeləri yaxınlığında olduğu müəyyən edilib”.