Keçmiş FİFA prezidenti seksual zorakılıqda ittiham olunur

ABŞ-ın futbol üzrə qadınlardan ibarət yığma komandasının qapıçısı Hope Solo FİFA-nın keçmiş prezidenti Sepp Blatter-i seksual zorakılıqda ittiham edib.

Bu barədə 36 yaşlı oyunçu Portuqaliyada nəşr olunan “Ekspress” qəzetinə müsahibəsində bildirib.

Solo-nun sözlərinə görə, hadisə 2012-ci ilin “Ballon D Or” mükafatının təqdimetmə mərasimi zamanı baş verib:

“London Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış komanda yoldaşım Abby Wambach-ı mükafatlandırmaq üçün səhnəyə çıxırdıq. Bu zaman Blatter mənim sağrımdan yapışdı. Bu, ani baş verdi. Şokda idim. Amma tez özümü toparlayaraq komanda yoldaşımı təbrik etməyə kökləndim”.

Lakin Blatter öz mətbuat katibi vasitəsilə Solo-nun dediklərini təkzib edib. O, belə iddiaları gülünc adlandırıb.

Sepp Blatter 2015-ci il oktyabrın 7-də FİFA prezidenti səlahiyyətlərinin icrasından kənarlaşdırılıb. Hazırda ali futbol qurumuna Gianni İnfantino başçılıq edir.