Suriya danışıqları başlanır

Noyabrın 28-də Cenevrədə BMT-nin təşkilatçılığıyla Suriya danışıqlarının yeni raundu başlanır. Bu arada Suriya hökumətinin danışıqları boykot edəcəyi ehtimalı var.

BMT-nin Suriya üzr xüsusi elçisi Steffan de Mistura noyabrın 27-də deyib ki, rəsmi Dəməşq hələlik, danışıqların səkkizinci raundunda iştirakını təsdiqləməyib.

Danışıqların məqsədi ölkədə altı ildir gedən vətəndaş müharibəsini bitirməkdir.

ÖNŞƏRT QƏBUL OLUNMUR

“Ötən gecə aldığımız mesaja görə, hökumət bu gün Cenevrəyə gəlmir. Təbii ki, ümid edirik, daha doğrusu, hökumətin nümayəndə heyətinin tezliklə yola çıxmasını gözləyirik”, – de Mistura BMT-nin Təhlükəsizlik Şurasında deyib. O, Suriya prezidenti Bashar al-Assad-ın bu yaxınlarda “dialoqa hazır olmasını” dilə gətirdiyini də yada salıb.

De Mistura-nın sözlərinə görə, danışıqlarda yeni konstitusiya layihəsinin hazırlanması və ratifikasıyasından ötrü “inkluziv proses”ə diqqət ayrılacaq. O, həmin addımların ölkənin seçki keçirməsindən öncə gərəkli olduğunu vurğulayıb.

Xüsusi elçi danışıqlarda “heç bir tərəfin hansısa önşərtini qəbul etməyəcəyini” sözlərinə əlavə edib.

Noyabrın 27-də Cenevrəyə çatan müxalifətin nümayəndə heyətinin başçısı Nasr Hariri deyib ki, qrupun məqsədi prezident Bashar al-Assad-ın vəzifədən getməsidir.

Hökumətyönlü “Al-Watan” qəzeti daha öncə yazmışdı ki, Dəməşqdən rəsmi nümayəndə heyəti Cenevrəyə getməyi yubadacaq, çünki müxalifət Assad-ın istefasını tələb edir.