Vergilər Nazirliyinin son təklifləri nədir?

Vergilər Nazirliyinin yeni vergi güzəştlərinin tətbiqi ilə bağlı mexanizmlər və vergi qanunvericiliyində müvafiq dəyişiklərin edilməsilə bağlı layihəsi təhlilçilər tərəfindən müsbət qarşılansa da, onlar”böyük dəyişiklər” gözləmirlər.

Nazirlik sözçüsü BBC Azərbaycancaya deyir ki, güzəşt təkliflərinin əsas məqsədi kiçik sahibkarlara dəstək olmaqdır.

İqtisadçı Natiq Cəfərli təkliflərin xeyrindən danışsa da, ölkədə qəbul edilmiş qərarların tətbiqi mexanizminin olmadığını deyir.

Millət vəkili Vahid Əhmədov isə bu təkliflər qəbul ediləcəyi halda sahibkarlığın inkişafına töhvə verəcəyi fikrindədir.

Təkliflər nədir?

Vergilər Nazirliyinin təklifləri bunlardır:

• Pərakəndə ticarət və ictimai-iaşə fəaliyyətində nağdsız əməliyyatlara vergi güzəştlərinin tətbiqi;

• Vergi və maliyyə sanksiyaları üzrə güzəştlərin tətbiqi;

• İxracatçılara vergi güzəştlərinin tətbiqi -Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu istisna olmaqla

• Bəzi özəlləşdirilən dövlət müəssisələrinə vergi güzəştlərinin tətbiqi.

Bu sənədlərdə sabit vergi məbləği haqqında qəbzin əhatə dairəsinin genişləndirilməsi, eləcə də hüquqi şəxslərin məlumat dəyişikliyinin elektron qaydada həyata keçirilməsi, məlumat dəyişikliyi prosedurunun sadələşdirilməsi kimi məsələlər nəzərdə tutulub, nazirlik bildirir.

Nə qədər güzəşt olacaq?

Vergilər Nazirliyinin sözçüsü Şahin Məmmədov BBC Azərbaycancaya deyib ki, güzəştlərin miqdarı barədə məlumatlı deyil.

O, təkliflərin kiçik sahibkarlığa dəstək məqsədilə hesablandığını deyir.

Nazirlik nümayəndəsi bildirir ki, bu güzəştlərlə “büdcə çox vəsait itirməyəcək”, çünki kiçik sahibkarlıqdan vergi daxilolmalarının miqdarı azdır.

“Sahibkarlığı inkişafı”

Millət vəkili Vahid Əhmədov deyir ki, belə təkliflər ölkə prezidentinin ixrac yönümlü məhsulların ixracını artırmaq, sahibkarlara yardım etmək barədə göstərişləri əsasında hazırlanır.

Cənab Əhmədov, bu təkliflər qəbul ediləcəyi halda sahibkarlığın inkişafına töhvə verəcəyi fikrindədir.

“Sahibkarlıq obyektlərində 2021-ci ilə qədər yoxlamalar dayandırılıb. Bütün bunların hamısının məqsədi odur ki, ölkədə sahibkarlıq inkişaf etsin”, o deyir.

Millət vəkilinin sözlərinə görə, vergi güzəştlərinin əsas məqsədlərindən biri ixracyönümlü məhsulların miqdarını artrmaqdır.

“Bu gün Azərbaycanın buna ehtiyacı var, neft qiyməti enib. Ona görə qeyri-neft sektorunun istehsalı önəmlidir”, o bildirir.

İqtisadi təhlilçi Natiq Cəfərli bu yanaşmanı müsbət dəyərləndirir.

Onun sözlərinə görə, Azərbaycanda çox gözəl qərarlar tətbiq olunub, amma tətbiqində problem yarandığı üçün çox zaman effekt verməyib.

Cənab Cəfərli təkliflərin “doğru-düzgün tətbiq olunduğu halda ciddi nətciələr ola biləcəyi” fikrindədir.