ABŞ-a üz tutan müsəlman qaçqınların sayı 94 faiz azalıb

Donald Trump prezident seçkisi zamanı söz vermişdi ki, müsəlman qaçqınların ABŞ-a gəlişini tam qadağan edəcək.

Trump hesab edir ki, “ucdantutma” hamını ölkəyə buraxmaq terrorçuluqla bağlı risklərə yol açır.

Prezident seçiləndən sonra o, tam qadağaya nail olmasa da, müxtəlif qaçqın və mühacir proqramlarının ləğvi, viza şərtlərinin sərtləşdirilməsi və bəzi müsəlman ölkələrindən qaçqın qəbulunu dayandırmaq hesabına məqsədinə demək olar ki çatıb.

Son bir il ərzində ABŞ-a üz tutan müsəlmanların sayı kəskin azalıb.

Əgər 2016-cı ildə ABŞ 45 min müsəlman qaçqın qəbul etmişdisə, bu il (dekabrın 1-cən) onların sayı 11 min olub.

Bu 11 minin də yarısının qəbulu da yanvar-fevral aylarına təsadüf edir – yəni Trump-ın yenicə iş başına keçməsi, qaçqın məsələsi ilə hələ məşğul olmağa başlamadığı dövrə.

Bu ilin yanvarından noyabrınacan ABŞ-a gələn müsəlman qaçqınların sayı isə 94 faiz azalıb.