Avropa Məhkəməsi müxalifətçinin şikayəti üzrə araşdırmaya başlayıb

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 7 Azərbaycan vətəndaşının göndərdiyi şikayəti araşdırmağa başlayıb.

Şikayətçilər Bakıda müxalifətçilərin keçirdikləri etiraz aksiyalarında saxlanılanlar və mülkiyyət hüququnun pozulduğunu iddia edənlərdir. Bu barədə AİHM-in məlumatında bildirilir.

Aksiyada iştiraka görə saxlanılan və şikayəti araşdırılan Zərifə Məhyəddinova, Natəvan Səlimzadə, Kəmalə Xəlilova, Mərdanə Hüseynova və Ramiz Əhədov Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləridir.

R.Əhədov 2011-ci ildə Bakıda müxalifətin aksiyasına qatılıb. Onu polislər saxlayıblar. Saxlanılarkən təhqir edildiyi, şüurunu itirənədək döyüldüyü bildirilir. Polisdə tibbi müayinə tələb etsə də bu, təmin olunmayıb. Müxalifətçi ictimai tədbirlərin keçirilməsi qaydalarının pozulmasında günahlandırılaraq inzibati qaydada cəzalandırılıb. R.Əhədov sərbəst buraxıldıqdan sonra xəstəxanada müalicə alıb. Eyni zamanda prokurorluğa müraciət edərək döyülüb-təhqir edilməsinə görə cinayət işi açılmasını tələb edib. Prokurorluq onun döyüldüyünü təsdiq etsə də məhz polislər tərəfindən döyülməsini isbat edən dəlillərin olmadığı üçün cinayət işi açmaqdan imtina edib.

Z.Məhyəddinova, N.Səlimzadə, K.Xəlilova və M.Hüseynova isə İctimai Palatanın 2012-ci ildə Bakıda keçirdiyi etiraz aksiyasının iştirakçıları olublar. Müxalifətçilər polis zorakılığına məruz qaldıqlarını iddia edirlər. Onlar da prokurorluğa müraciət edərək polislərin davranışları üzrə cinayət işi açılmasını tələb ediblər, amma cinayət işi açılmayıb.

AXCP üzvləri məhkəməyə şikayətlərində onlara qarşı Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü (işgəncəyə məruz qalmamaq hüququ), 5-ci (azadlıq və toxunulmazlıq hüququ), 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 11-ci (dinc toplaşmaq azadlığı) maddələrinin pozulduğunu iddia edirlər.

AXCP üzvlərini AİHM-də hüquqşunas İntiqam Əliyev təmsil edir.