Azər Qasımlı: Prezident seçkilərində namizədimiz İlqar Məmmədovdur

“Avropa İnsan Haqları Məhkəməsinin qərarları icra olunmalıdır. Bu qərarlar icra olunsa, İlqar Məmmədov tamamilə bəraət alacaq. Qərarların bir hissəsi icra olunsa və onun üzərindən məhkumluq götürülməsə, o, artıq azadlıqda tam bəraəti uğrunda çalışacaq”.

Bunu MeydanTV-yə açıqlamasında REAL sədrinin siyasi məsələlər üzrə müavini Azər Qasımlı İlqar Məmmədovun şərti azadlığa buraxılması barədə fikirləri şərh edərkən deyib.

Prezidentin Xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov deyib ki, qanunvericiliyə edilmiş dəyişikliklərə uyğun olaraq, 2017-ci ilin dekabrın 1-dən etibarən İ.Məmmədov məhkəməyə müraciəti əsasında cəza müddətinin 2/3 hissəsini çəkdiyinə görə şərti azadlığa buraxılma hüququna malik ola bilər:

“Bununla yanaşı, Azərbaycan tərəfi məsələnin digər həll yollarının axtarılması üçün konstruktiv danışıqlara gedə bilər”.

Azər Qasımlının sözlərinə görə, azadlığa buraxılması üçün məhkəməyə müraciət etməyən İlqar Məmmədov buna görə vəkillərindən də imtina edib:

“Novruz Məmmədov deyib ki, İlqar Məmmədov həbs müddətinin 2/3 hissəsini artıq həbsdə keçirdiyinə görə, azadlığa çıxa bilər. Qanunvericiliyə görə, İlqar Məmmədovun ya özü, ya vəkili, ya da həbsxana rəisi bununla bağlı məhkəməyə müraciət edə bilər. Aydındır ki, İlqar Məmmədovun özü məhkəməyə müraciət etməyəcək. Keçən dəfə üç vəklindən ikisini azad etdi ki, onun adından məhkəməyə müraciət etməsinlər. İlqar Məmmədovun vəkili Fuad Ağayev də bəyanat verdi ki, belə bir müraciət etməyəcək! Ona görə də yalnız həbsxana rəisinin məhkəməyə müraciət etməsi variantı qalır”.

Azər Qasımlı onu da vurğulayıb ki, 2018-ci ildə keçiriləcək prezident seçkilərində REAL-ın namizədi İlqar Məmmədov olacaq:

“Hər bir halda biz İlqar Məmmədovun prezident seçkilərində iştirak etməsi üçün onun hüquqlarının bərpası uğrunda mübarizəmizi davam etdirəcəyik. Prezident seçkilərində namizədimiz İlqar Məmmədovdur. O, siyasətdə liderliyini ortaya qoymağı qarşısına məqsəd qoyub, buna da nail olacaq”.

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) artıq onun bir şikayətini təmin edib. Məhkəmə 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Həmin qərardan sonra onun işi Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdi. 2016-cı il aprelin 29-da Şəki Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra müdafiə tərəfi Şəki Apelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə noyabrın 18-də kassasiya şikayətini təmin etməyib.

Avropa Şurası Nazirlər Komitəsi Azərbaycana qarşı Avropa Konvensiyasının 46 maddəsi ilə öz öhdəliyini yerinə yetirməmə məsələsini qaldırıb. Dekabrın 5-də bununla bağlı AİHM-ə müraciət olunub.

Əvvəlki məqaləYunanıstan Erdoğanın Lozanna müqaviləsinə yenidən baxmaq tələbini rədd edib
Növbəti məqalədəApelyasiya Məhkəməsi “Turan”ın iddiasını təmin etməyib