Bloger Namiq Sadıqlının səhhəti pisləşib

Bu gün Binəqədidəki cəzaçəkmə müəssəsində saxlanan bloger Namiq Sadıqlı ilə görüşdüm.

Təkrar ora getməyimin əsas səbəbi Namiq bəyin səhhətində yaranmış problemlərdir. Son günlərdə 4 dəfə onun üçün təcili yardım çağırılıb, “Semaşka”ya aparılaraq orada müayinə olunub. Bunu Facebook statusunda vəkil Əsabəli Mustafayev yazır:

“Namiq bəyin dediyinə görə, həkimlər onu xəstəxanada saxlamaq istəsələr də, cəzaçəkmə müəssəsinin əməkdaşları buna razı olmayıb. Hazırda müəssisədə müalicə kursu keçir. Deməsinə görə, səhhətindəki problemlərin yaranmasının səbəbi az hərəkət etməsi, açıq havada az olması, zəif qidalanma nəticəsində imunitetinin aşağı düşməsidir. Onun səhhətindəki problemlər ilə bağlı müvafiq qurumlara müraciət olunacaq. Səhhətindəki problemlərə baxmayaraq əhval-ruhiyyəsi yüksəkdir, bütün dostlarına salam göndərir.

P.S. Namiq bəy haqqında birinci instansiya məhkəməsinin qərarından verdiyim apelyasiya şikayətinə baxılması da müşkülə düşüb. Qanuna görə, apelyasiya şikayətini alan kimi birinci instansiya məhkəməsi dərhal onu apelyasiya instansiyasına göndərməli, sonuncu isə 1 gün ərzində bu şikayətə baxmalıdır. Apelyasiya şikayətini 6 dekabr tarixində Nəsimi Rayon Məhkəməsinə (hakim Şəlalə Həsənova) təqdim etmişəm. Demək olar, 1 həftə ötüb, ancaq şikayətə hələ də baxılmayıb. Bu şikayətin hazırda harada olmasından da məlumatsızam. Bilmirəm onu hansı instansiya məhkəməsində və necə axtarım. Bəlkə bu statusdan sonra həmin şikayət barədə bir xəbər alım”.