Bu il Azərbaycan Gürcüstana 378 milyon dollar yatırıb

Azərbaycan Gürcüstanın bir nömrəli investoru olaraq qalır.

Abzas.net xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin verdiyi məlumatda deyilir.

Cari ilin 9 ayında Azərbaycan Gürcüstana 378,3 mln. dollar investisiya yatırmaqla bu adı qoruyub.

2017-ci ilin təkcə üçüncü rübündə Azərbaycan Gürcüstana 154,1 mln. dollar investisiya yatırıb. Azərbaycandan olan investisiyaların payı Gürcüstana yatırılmış birbaşa xarici investisiyaların ümumi həcmində 25,9% təşkil edib.

Cari ilin üçüncü rübündə Gürcüstana yatırılmış birbaşa xarici investisiyaların ümumi həcmi 594,5 mln. dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,6% çoxdur. Cari ilin üç rübündə qonşu ölkənin iqtisadiyyatına ümumilikdə 1 mlrd. 346,5 mln. dollar xarici investisiya qoyulub.

Bu il Azərbaycandan sonra Gürcüstana ən çox investisiya yatırmış ölkələr Türkiyə (259,2 mln. dollar) və Böyük Britaniyadır (175 mln. dollar).
Azərbaycanda ən böyük maliyyə vəsaitlərinin oliqarxların əlində olduğu nəzərə alınarsa, bu pulları Gürcüstana məhz onların qoyması şübhə doğurmur.