Gözəl Bayramlının məhkəməsi başlayıb: vəsatətlər təmin edilməyib

Dekabrın 1-də Qazax Rayon Məhkəməsində AXCP sədrinin müavini Gözəl Bayramlının işinin hazırlıq iclası keçirilib.

Abzas.net xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat verib.

Hakim Ağarza Səmədovun sədrliyi ilə keçirilən məhkəmədə vəkil Elçin Sadıqovun  qaldırdığı ona yaxın vəsatətin heç biri təmin olunmayıb.

Vəsatətlərin heç birinin təmin olunmamasına Gözəl Bayramlı münasibət bildirib: 

“Bu bir oyundur, hər kəs də bilir. Daha niyə uzadırsız, birdəfəlik verilən sifarişi icra eləyin, hökmü oxuyun, çıxım gedim”.

Növbəti məhkəmə iclası dekabrın 13-də keçiriləcək.

Xatırlatma

Gözəl Bayramlı mayın 25-i Gürcüstandan Azərbaycana keçərkən sərhəd keçid məntəqəsində saxlanılıb. Daha sonra, Dövlət Sərhəd Xidməti məlumat yayıb ki, onun sumkasına baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları aşkar edilərək götürülüb.

Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

Mayın 26-sı Səbail rayon məhkəməsinin qərarı ilə, onun haqqında 3 ay həbs qətimkan tədbiri seçilib. Daha sonra bu müddət iki dəfə uzadılıb.

Gözəl Bayramlı həbsinin siyasi sifariş olduğunu, pulların ona aid olmadığını, Gürcüstana müalicə məqsədilə getdiyini bildirib.

G.Bayramlının Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində aparılan istintaqı artıq başa çatıb.