İlham Əliyev Dünya Bankının nümayəndə heyətini qəbul edib

Dekabrın 18-də prezident İlham Əliyev Dünya Bankı (DB) Qrupuna daxil olan Çoxtərəfli İnvestisiya Zəmanəti Agentliyinin (ÇİZA) baş icraçı direktoru xanım Keiko Honda-nın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azbas.net xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.

İ.Əliyev bildirib ki, DB Azərbaycanda həyata keçirilən iqtisadi islahatlara və Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan “Cənub Qaz Dəhlizi” layihəsinə dəstək verir. Bu layihənin bütün region üçün əhəmiyyətli olduğu vurğulanıb.

İ.Əliyev bu il Azərbaycan iqtisadiyyatının artıq sabitləşmə dövrünə qədəm qoyduğunu qeyd edib.

Görüşdə Azərbaycan ilə Çoxtərəfli İnvestisiya Zəmanəti Agentliyi arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.