Kvirikashvili : “Əfqan Muxtarlı ilə bağlı məsələ Tbilisi üçün ciddi uğursuzluqdur”

Gürcüstanın baş naziri Giorgi Kvirikashvili deyib ki, Azərbaycan jurnalisti Əfqan Muxtarlı ilə bağlı insident rəsmi Tbilisi üçün “çox ciddi uğursuzluq” sayılmalıdır.

Kvirikashvili bu bəyanatı Gürcüstanın parlament azlığı ilə görüşündə verib.

Rustavi2 saytının yazdığına görə, bu görüşdə “Avropa Gürcüstanı” fraksiyasının üzvü Elene Xoştariya “Əfqan Muxtarlının salamlarını Giorgi Kvirikashviliyə çatdırıb” və jurnalistin Gürcüstandan necə oğurlanmasına dair ifadəsini oxuyub.

Xoştariyanın sorğusuna cavab olaraq baş nazir deyib: “Bilirsiniz ki, bu məsələ araşdırılıb və mən də razıyam ki, bu, çox çətin bir məsələdir. Mən həm də etiraf edirəm ki, bu, çox böyük uğursuzluqdur. Nəyin baş verməsindən asılı olmayaraq həqiqət hələ də yekunlaşdırılmayıb. Lakin fakt budur ki, bu, çox böyük uğursuzluqdur. Bilirəm ki, hökumətimizin reaksiyası, yəni Əks-kəşfiyyat Xidməti rəhbərinin və Sərhəd Polisi rəisinin vəzifələrindən azad edilməsi tamamilə adekvat reaksiya olub. Onların bu işdə günahları hələlik, təsdiqlənməyib, lakin onlar üzərlərinə siyasi məsuliyyət götürüblər”.

Ötən həftə Gürcüstan mediası jurnalist Əfqan Muxtarlı ilə müsahibədən parçalar dərc etmişdi.

Bu xəbərlərdə deyilirdi ki, “Kuryer” saytına “məhkəmə prosesi zamanı kamerasız müsahibə verən” Muxtarlı deyib: “Məndən Kvirikashviliyə salam deyin. Əvvəl-axır o, buna görə cavab verməli olacaq…”

Daha sonra Gürcüstan saytı yazır ki, Muxtarlı oğurlanaraq Bakıya gətirilməsində Gürcüstanın baş nazirinin və daxili işlər nazirinin əli olduğunu iddia edib.