Məmməd İbrahimin müraciətini təmin etməyən məhkəmə onu həbsdə saxlayıb

Məmməd İbrahim

Dekabrın 26-da məhkəməAXCP sədrinin həbsdə olan müşaviri Məmməd İbrahimin cəzasının yarıdan çoxunu çəkməsiylə əlaqədar vaxtından əvvəl azadlığa buraxılması haqda müraciətinə baxıb.

Abzas.net xəbər verir ki, müraciətə M.İbrahimin saxlandığı 16 Saylı Cəzaçəkmə Müəssisəsində Suraxanı Rayon Məhkəməsinin hakimi Elçin Ağayev baxıb.

Hakim Məmməd İbrahimin müraciətini təmin etməyib.

“Hakim qərara gəlib ki, Məmməd İbrahim islah olunmayıb, nizam-intizam qaydalarına əməl etməyib”, – deyə, M.İbrahimin yaxınları bildiriblər.

Xatırlatma

M.İbrahim AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında 2015-ci ilin sentyabrın 30-da həbs olunub. Mikayıl Quliyevi vurmaqda ittiham olunan M.İbrahimə CM-in 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Bir müddət sonra daha iki nəfər – Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı ayırmaq istərkən M.İbrahim onları da vurub.

Bundan sonra M.İbrahimə ittiham ağırlaşdırılıb və CM-in 221.2.2-ci maddəsinə tövsif olunub. O, Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib.

Ancaq M.İbrahim ittihamı qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.

Əvvəlki məqaləRəhim Qazıyevin harda olduğu bilinmir
Növbəti məqalədəKeçmiş deputatın cəzası azaldıldı