“Nardaran işi-2”: “Milyardlar, villalar, yaxtalar onlara kömək etməyəcək”

"Nardaran işi" məhkəməsi önündə - FOTO - Azadlıq Radiosu

Biz cəmiyyətimizin təmizlənməsini istəyirdik, ona görə özümüzü şərləyib, təcrid elədilər.
Həbsxanalar dustaqla doludur, hər əlli məhbusdan qırxı gənclərdir. Onların da əksəriyyəti narkotik ittihamı ilə tutulub. Cəmiyyəti bu vəziyyətə salıblar…”, – 2015-ci ilin noyabrında Nardaran hadisələrindən sonra həbs olunmuş Vüsal Alışlının sözləridir.

V.Alışlı “Müsəlman Birliyi” hərəkatının sədr müavini, ilahiyyatçı alim Elçin Qasımov və daha 10 nəfərlə birlikdə mühakimə olunur. Onların məhkəməsi başa çatmaq üzrədir. Bakı Ağır Cinayətlər Məhkəməsində “Nardaran işi-2” adı altında bir ildir davam edən bu prosesdə hökm öncəsi axırıncı mərhələdir – təqsirləndirilən şəxslər son sözünü deyir.

“Döyə-döyə, toka verə-verə ifadələrə imza atdırmaq…”

Dekabrın 26-da təqsirləndirilən şəxslərdən Fərhad Muradov son sözündə deyib ki, onları dövlət çevrilişinə cəhddə, ölkənin konstitusion quruluşunu dəyişməkdə suçlayırlar. Halbuki, nə belə bir cəhddə bulunublar, nə də elə niyyətləri olub. Onun sözlərinə görə, yeganə istək və tələbləri konstitusiyaya əməl edilməsi olub:

“Biz cinayətkar deyilik. Biz Azərbaycan vətəndaşıyıq, bu ölkədə rahat yaşamaq hüququmuz var, amma imkan vermirlər. İlk gündən bizim işimizdə qanun olmayıb. “Bandotdel”də adamları döyə-döyə, toka verə-verə, ləyaqətini alçalda-alçalda ifadələrə imza atdırmaq hansı qanunda var? Biz yox, bizim başımıza açılan bu oyunlarda iştirakı olan və buna göstəriş verən hər kəs günahkardır. Belə çıxır ki, xalq üçün yaşayanlar, millətin haqqını tələb edənlər həbsxanaya atılmalıdır, xalqın malını talayanlar isə istədikləri kimi yaşamalıdır. Bunlar hesab edir ki, adamlar əzilə-əzilə yaşamalıdır, haqqını tələb etməməlidir. Niyə? Biz xalqa qarşı bu cür münasibəti tənqid etmişik. Tənqid nə vaxtdan cinayət olub ki, tutub bizi bura salıblar?”

“Zülm eləyənlər yaddan çıxarmasınlar…”

F.Muradov deyir ki, məhkəmədə dindirilən şahid polislər yalan ifadələr verdilər, onlar özləri evlərə silah-sursat atıb, sonra da tapılmış kimi protokollaşdırıblar. Təqsirləndirilən şəxsin sözlərinə görə, iki ildən çoxdur həbsdədir, amma niyə tutulduğunu hələ də bilmir. Cinayət işinin materiallarında ilahiyyatçı Taleh Bağırovun cinayətkar birliyin başçısı kimi təqdim olunmasından danışan Muradov söyləyib ki, ağ yalandır:

“Adamlara zülm eləyənlər yaddan çıxarmasınlar, bunların hesabını verə bilməyəcəklər. Hesab vermək məqamında yığdıqları milyardlar, villalar, yaxtalar onlara kömək eləməyəcək”.

“Bizə saxta ittihamları verənləri lənətləyirəm”

Başqa təqsirləndirilən şəxslərdən İsa İbrahimov da günahsız olduqlarını bildirib. Deyib ki, ədalətli cəmiyyət istədiklərinə görə həbsxanaya salınıblar.

“Guya, Lənkəranda mənim evimdən “limonka” tapılıb. Kürdəxanı təcridxanasında rəislə söhbətimiz oldu, o, bir müddət Astara polisində işləyib. Mənə dedi ki, sizin həyətdən limon çıxmalıydı, bunlar “ka”nı da əlavə eləyib, “limonka” çıxarıblar. Bircə fakt ortaya qoysunlar ki, mən orada dövlətçiliyə qarşı nəsə demişəm, çağırış eləmişəm. Yoxdur belə fakt. İcra başçısı mənim haqqımda xasiyyətnamədə yazıb ki, guya, noyabrın 26-dan fəallaşmışam. Mən həmin vaxt Azərbaycanda olmuşam ki, fəallaşım da?! Onda mən İraqda ziyarətdə olmuşam. Bizə saxta ittihamları verənləri lənətləyirəm. Çünki heç vaxt din adı altında təxribatla məşğul olmamışıq”, – İsa İbrahimov son sözündə belə deyib.

O, çıxışını belə bitirib: “Ömrümdə bir dəfə bəddua eləmişəm, nəticəsi çox ağır olub. Əgər hökm oxunan gün zaldakı ana-bacılarımızın gözündə bir damcı yaş görsəm, 40 gün elə bəddua eləyəcəm ki, Allah bizə şər atanları tezliklə məhvi-nabud eləsin…”

Məhkəmə dekabrın 27-də digər təqsirləndirilən şəxslərin son sözləri ilə davam edəcək.