NİDA “Şiddətsiz bir gün : Qadın hüquqları və problemlər ” adlı tədbir keçirdi

“Şiddətsiz bir gün: Qadınların hüquqları və problemlər”.
Bu, NİDA Vətəndaş Hərəkatı tərəfindən qadınlara şiddətə, məişət zorakılığına, erkən nikahlara qarşı təşkil edildiyi tədbirin adıdır.
Müasir dövrə baxmayaraq qadın hüquqları problemi cəmiyyətimizdə hələ də aktualdır. Azərbaycanda elə bölgələr var ki, qız uşaqların məktəbə getməsi, təhsil alması ayıb sayılır, 13-14 yaşında zorla ərə verilir.”Döyür deməli sevir” şüarı ilə yaşayan qadınların çoxusu hər gün ölüm riski ilə qarşılaşır. Təkcə 2016-ci ildə 897 məişət zorakılığı faktı qeydə alınıb. İldən ilə bu neqativ statistika artır. Tədbirin təşkilatçıları və iştirakçıları problrmin həlli yollarını tapmaqa çalışdılar.
Tədbirin aparıcısı Fidan Həsənzadə statistik məlumatları təqdim edərək, bu sahədə acınacaqlı vəziyyətini tədbirin iştirakçılarının nəzərinə çatdırdi. Onun sözlərinə görə, ötən illərə nisbətən bu il qadınlara qarşı zorakılıqların həcmi 3,6% artdı.
Daha sonra söz ekspertlərə verildi. Hüquqşünas Rövşanə Rəhimli vəziyyətin həqiqətən çox acınacaqlı olduğunu deyərək qeyd etdi ki, ancaq Azərbaycanda yox, hətta ən inkişaf etmiş ölkələrdə qadın hüquqları problemi aktualdır: “Məişət zorakılığı ancaq ər arvadını döyülməsi ilə məhdudlaşmır. Zorakılığın qurbanı uşaq, keçmiş həyat yoldaşı, nəvələr, nənələr, babalar, valideynlər ola bilər. Məişət zorakılığı başqa cinayətlərdən cüzi fərqlənir. Bu, sistematik xarakteri daşıyan cinayətdir”, – deyə ekspert əlavə etdi. Onun sözlərinə görə, ölkənin qanunları qadınları müdafiə edir: “Düzdü, Azərbaycan ən mükəmməl işlənilmiş sənədə – İstanbul Konvensiyasına qoşulmadı, amma ölkənin “Məişət zorakılığın qarşısını alınması haqqında” Qanun var, onun həyata keçirilməsi üçün Fəaliyyət Planı var. Ancaq praktikada qanunun icra edilməsində böyük problemlər mövcüddur. Məsələn, aqressordan qorunmaq üçün qanunla nəzərdə tutulmuş mühafizə orderi zorakılığın qurbanlarına yerli icra hakimiyyət orqanların tərəfindən heç vaxt verilmir. Halbuki, bu çox cinayətlərin qarşısını ala bilərdi”, – Rəhimli əlavə etdi.
Vətəndaş Həmrəyliyi Partiyasının qadınlar Şurasının sədri , pedaqoq Aygün Qurbanlı çıxışında bildirdi ki, qız uşağı ana bətninə düşdüyü andan etibarən artıq təzyiqlırə məruz qalır: “Bəzi analar qız övladını istəmir və bu artıq təzyiqdir. Doğulandan sonra o, istənilməyən övladdırsa, ondan böyük bacı-qardaşları varsa, onda pis qidalanmaya məruz qalır. Əgər valideynlər işləyir və ya uşaqlarına laqeyddir, uşaq pedofiliyanın qurbanına çevrilə bilər. Qız yeniyetmə dövründə də, böyüyüb işləyəndə və ərə gedəndə də problemlərlə, zorakılıqlarla qarşılaşır. Dözməyib boşananda isə qadın cəmiyyətinin şiddətli qınağı ilə üzləşir. Yaşlananda da qadın hərdən öz uşaqları, nəvələri tərəfindən təzyiqlərə məruz qalır, onun evinə göz dikilir. Beləliklə, həyat boyu hər bir qadın sadaladığım təzyiqlərin biri ilə mütləq qarşılaşır”. Qurbanlı çalışdığı təhsil sahəsinə xüsusi diqqət çəkdi: “Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının əvvəlki məlumatlara və Təhsil Nazirliyi tərəfindən keçirilmiş monitorinqlərə əsasən demək olar ki, ucqar rayonlarda qız uşaqların təhsil prosesinə cəlb olunması olduqca zəifdir. Bunun səbəbləri isə – valideynlərinin təhsilə maraqların olmaması və iqtisadi çətinlikləridir. Həmçinin valideynlər öz qızlarını məktəbdən yayındıraraq evləndirməyə meylidilər. Çünki onlar toydan hər hansı bir qazanc əldə edirlər. TQDK-nın məlumatlarına görə, ölkəmizin cənub regionlarında universitetlərə qəbul üçün müraciət edən ərizəçiləri cinsə görə ayırıblar və qızların ərizələrin oğlanların ərizələrindən qat qat az olduğu məlum oldu. Bunun səbəbi erkən nikahlardı. Həmin nikahlarda isə qadının söz azadlığı əlindən alınır və həmin qadın təzyiq altında uşaq böyüdür. Belə davam etsə, gələcəyimiz sual altındadır”, – deyə A.Qurbanlı qeyd etdi.
Hüquqşünas Nisə Hacıyeva bildirdi ki, qadınlar böyük təzyiqlərlə üzləşir: “Azərbaycanda ən böyük problem odu ki, qadın doğulmaq ayıbdır, sonradan qadın olmaq isə ikiqat ayıbdır. İstər dilimizdə, istər stereotiplərimizdə qadın ikinci cins kimi göstərilir. Kişini təhqir etmək üçün mütləq qadına, qadını tərifləmək üçün isə mütləq kişiyə bənzədirlər. Biz hələ də bu stereotiplərdən xilas ola bilməmişik. Adi suala “kim xaricdə maqistr oxumaq istəyir?” qızların çoxusu “bizə icazə verməzlər” cavab verirlər. Selektiv abortlardan tutmuş, məktəblərdə, universitetlərdə və ömür boyu qadınlar təzyiqlərə məruz qalr. Qadın hətta Nobel mükafatçısı olsa belə amma ərə getməyibsə o, cəmiyyətimizdə yarımçıq sayılır. Qadın isə həqiqətən istədiyi, sevdiyi işlə məşğul olmalıdır, heç nəyə məcbur edilməməyidir. Mən indiyə kimi görməmişəm ki, kişi ütünü yaxşı təmir edə bilmədiyinə görə ondan boşansınlar, amma qadın yemək bişirə bilmədiyinə görə qovulur”, – deyə hüquqşünas vurğuladı.
Yazıçı Zümrüd Yağmur problemin görünən və görünməyən tərəflərdən danışdı: “Mən iki qızımı azad böyütmüşəm. Onlardan biri mənə danışdı ki, sinifdə hər hansı çaxnaşma baş verəndə müəllimin qızlara birinci iradı “sən gələcəyin anasısan”, oğlana isə “sən gələcəyin kişisisən” olur. Bununla oğlana daha yuxarı bir status verilir. Məktəbdə qızlara demirlər “sən gələcəyin vəkilisən, müəllimisən, prezidentisən” və uşaqlar artıq kiçik yaşından bu şəkildə böyüdülür. Psixoloji zədələr gələcəkdə genetik ötürülür və beləliklə genofond təhlükə altına düşür. Məktəblərdə müəllimlərin 70-80% qadınlardı, illərlə onlara edilən basqıları rahatçılıqla qızlara şamil edirlər. Bu ancaq məktəblərə aid deyil. Bizdən bir neçə nəsil böyük olan qadınlar mütləq çalışırlar ki, biz dəyərli xanım yox, onlar kimi arvad olub dözək. Burda başqa bir tərəf var. Azərbaycan qadının öz qatilini (adət-ənənələri, yanaşmasını, stereotipləri) sevir və onları qoruyur. Bir evdə qız və oğlan uşaqların tərbiyyəsi tamamilə fərqli aparılır və bacı qardaşına tabedir. Bir qadın qaynanasından gördüyü zülmünü unudaraq özü qaynana olanda həmin əziyyətini gəlininə verməyə başlayır. Qadınlarımızın çoxusu şəxsiyyət olmaq istəmir. Bu vəziyyətdən çıxış yolu, məncə, gənclərin yeni fikirlərini cəmiyyətə aparmasıdır”. – deyə, Z.Yağmur bildirdi.
Müsavat patriyasının üzvü Alya Yaqublu çıxışında bildirdi ki, məişət zorakılığı tək Azərbaycana xas olan problem deyil və patriarxatın başlamasından start götürür: “Ancaq Şərq mentalitetində bu özünü daha çox büruzə verir. Qərb ölkələri ilə müqayisədə Şərqdə qadınların müdafiə üsülları daha azdır. Çünki həm cəmiyyət buna qarşıdır, həm də özü qorunmaq istəmir, hesab edir ki, o səviyyəcə kişidən aşağıdır. Buna görə də qadınları maarifləndirmək, dəstək vermək, buklet paylamaq, kitabları çap etmək lazımdır. Ancaq qadın azadlığı ideyası ilə Şərq ölkəsində ortaya çıxmaq çox təhlükəlidir. Qadınların özləri sizə damğa vurub, təhqir edəcəklər. Məncə hər şey təhsilə bağlıdır. Birinci sinifdən uşağa qadın hüquqları təşviq olunsa vəziyyət düzələcək.
Gender məsələləri üzrə mütəxəssis Gülnarə Mehdiyeva qeyd etdi ki, vəziyyət narahatedicidir: “Bildiyim qərər Müsavat partiyası demokratiyanı tələb edən qurumdur. Musavat partiyasının gender komissiyasının rəhbərinin Könül Alının yazılarını oxuyanda daha çox narahat olmaqa başladım. O yazır: “dunyaya insanı itayət edən qadın”, beləliklə qadını müqəddəsləşdirir, ona ana rolunu yükləyir. Həmin partiya bu yaxınlarda tədbir keçirir və orda sual qoyur: “qadının azad yoxsa qəhrəman olmasına ehtiyacı var?” Bütün bunlar məni çox narahat edir. Burda erkən nikahlardan danışıldı. Sual doğulur: niyə 14 yaşlı qız ərə getmək istəsin? Niyə o karyerasını, səyahət etməsinin yox, evlənməsini düşünür? Çünki hər suala ona evliliyə bağlanmış cavab verilir: yemək bişirə bilmirsən ərə gedəndə nə olacaq, hazırcavabsan, qaynanayla da bele danışacaqsan, səyahətə ancaq evlənəndən sonra gedəcəksən. Bununla da qızın beyninə yeridilir ki, onun başlıca vəzifəsi ərə getməkdir. Azərbaycanda qadın atomu paçalasa belə, ərə getməməyinə görə qınanılacaq”, – deyə, Mehdiyeva bildirdi.
Daha sonra tədbir iştirakçıların sualları ilə davam etdi.