Ötən il 16 uşaq və yeniyetmə intihar edib

“Ötən ilyaşı 18-ə qədər olan 16 nəfər intihar edib. Bu rəqəm 30 nəfər təşkil etsəydi, təhlükəli vəziyyətdən danışmaq olardı”.

Bunu Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov bildirib.

Onun deməsinə görə, Azərbaycanda intihar edən uşaqların sayı elə də çox deyil.

Mərkəz rəhbəri vurğulayıb ki, Azərbaycanda ailədaxili münaqişələr nəticəsində uşaqların intihar etmə halları müşahidə edilir:

“Münaqişəli ailələrdə uşaqlar çox əziyyət çəkir. Məsələn, ata övladını döyür, uşaq isə intihara əl atır. Digər tərəfdən, qonşuda uşaqlarla, sinif yoldaşları ilə problemlər intihara gətirib çıxarır”.

F. İsmayılov deyib ki, Azərbaycanda hər 100 min nəfərə 5,3 intihar halı düşür:

“Bu, çox cüzi rəqəmdir. Ümumdünya Səhiyyə Təşkilatının rəqəmlərinə əsasən Gürcüstanda hər 100 min nəfərə 9,7, Ermənistanda 8,6, Rusiyada 32 intihardüşür”.

Azərbaycanda bəzi ekspertlər deyirlər ki, intiharların dəqiq səbəbi araşdırılmır. Bundan ötrü, yeni, müstəqil mərkəzin yaradılmasına ehtiyac var.