Dövlət ittihamçısı Qiyas İbrahimova və atasına 6 ay həbs istədi

Dekabrın 15-də Yasamal Rayon Məhkəməsində keçmiş prezident Heydər Əliyevin heykəlinə şüar yazdıqdan sonra həbs olunan NİDA Vətəndaş Hərəkatının üzvü, “Heykəl məhbusu” kimi tanınan Qiyas İbrahimovun və atası Həsən İbrahimovun məhkəmə prosesi davam etdirilib.

Abzas.net xəbər verir ki, dövlət  ittihamçısı Qiyas və Həsən İbrahimovların hər birinin 6 ay müddətinə həbs edilməsini istəyib.

Qiyas Ibrahimov və atası Həsən İbrahimov məhkəməyə hörmətsizlikdə ittiham olunur.

Hökm dekabrın 18-də elan olunacaq.

Xatırlatma

NİDA Vətəndaş Hərəkatının üzvləri Qiyas İbrahimov və Bayram Məmmədov 2016-cı il mayın 10-da Heydər Əliyevin abidəsinin üzərində “Qul bayramınız mübarək” yazdıqdan sonra həbs olunublar. Ancaq onlar qanunsuz narkotik maddə dövriyyəsində ittiham olunaraq 10 il azadlıqdan məhrum ediliblər.

“Amnesty International” təşkilatı Qiyas İbrahimov və Bayram Məmmədovu vicdan məhbusu elan edib. Təşkilat hesab edir ki, gənclərə qarşı narkotik ittihamı saxtalaşdırılıb.

Amma hakimiyyət təmsilçiləri onların siyasi məhbus olmasını qəbul etmir, konkret cinayətlərə görə cəzalandırıldığını bəyan edir.

Bu il iyulun 13-də Qiyas İbrahimovun atası Həsən İbrahimov İstintaq İdarəsinə çağrılıb və ona qarşı cinayət işi açıldığı bildirilib. Cinayət işi Bakı Apellyasiya Məhkəməsində Qiyas İbrahimovun işinə baxmış hakim Vüqar Məmmədovun şikayəti əsasında başlanıb.

Məhkəmədə hakim Qiyas İbrahimovun sözünü kəsəndə atası əsəbiləşərək “Ənvər Seyidovun başına gələnlər sizin də başınıza gəlsin. Balalarınızdan görəsiz…” deyib.