Putin seçkiyə müstəqil namizəd kimi gedir

Dekabrın 14-də Rusiya prezidenti Vladimir Putin yerli və xarici jurnalistlər üçün illik mətbuat konfransı keçirir.

Dekabrın 14-də Rusiya prezidenti Vladimir Putin yerli və xarici jurnalistlər üçün illik mətbuat konfransı keçirir.

***

Vladimir Putin deyir ki, ABŞ prezidenti Donald Trump-ın həmkarlarıyla Rusiyanın işbirliyi iddialarını Trump-ın opponentləri “uyduraraq” onun legitimliyinə zərbə vurmaq istəyiblər.

***

Mətbuat konfransının birinci saatında yerli məsələlərlə bağlı suallar üstünlük təşkil edib. Putin cavablarını statistikayla əsaslandıraraq Rusiyada həyatın yaxşılaşdığını, problemlərin həll olunduğunu göstərməyə çalışıb. O, bağçalar, meşələrin qorunması, torpağın qiyməti, etnik qrupların dillərinin tədrisinin azaldılmasıyla bağlı sualları cavablandırıb.

***

Xarici məsələlərə gəlincə, Putin Rusiyanın Birləşmiş Ştatların 1987-ci il Ortamənzilli Nüvə Qüvvələri Sazişini (INF) pozmasına dair ittihamı bir daha səsləndirib, deyib ki, Vaşinqton, faktiki olaraq, sovet dövrünə aid silahlara nəzarət paktından çıxıb.

ABŞ isə iddia edir ki, Rusiya sazişi pozaraq raket qurğusu hazırlayıb.

Putin-in sözlərinə görə, Rusiya silahlara nəzarət sazişlərindən çıxmayacaq, amma silahlanma yarışına cəlb olunmadan ordusunu inkişaf etdirəcək.

***

Putin deyib ki, seçkiyə hakim Vahid Rusiya Partiyasından deyil, müstəqil namizəd kimi gedəcək. Vahid Rusiya hökumətə nəzarət eləsə də, Putin qədər populyar deyil.

Bu qərar Putin-in növbəti prezidentlik müddəti və sonrakı illərlə bağlı planları ətrafında spekulyasiyalar yaradıb. Belə ki, konstitusiya onun 2024-cü ildə bir daha namizəd olmasına imkan vermir.

“Vahid Rusiya”nın katbi Andrey Turchak isə bildirib ki, partiya Puin-in qərarını dəstəkləyir və ona seçki kampaniyasında hərtərəfli dəstək göstərəcək.

Putin deyib ki, seçkidə “vətəndaşlardan böyük dəstəyə bel bağlayır” və ümid edir ki, birdən artıq partiyadan dəstək alacaq. Onun deməsinə görə, müxalifətin güclü namizədi yoxdur, siyasi rəqiblərinin çoxu hay-küy salıblar, amma ölkəyə güclü bir şey verən deyillər. Putin bu iddianı əvvəllər də dəfələrlə dilə gətirib.

***

Putin-ə ilk sual “Govorit Moskva”dan gəlir:

“Seçkiyə niyə gedirsiz, məqsədiniz, missiyanız nədir, Rusiya üçün nə etmək istəyirsiz?”

Vladimir Putin: “Rusiyanı necə görmək istədiyim barədə dəfələrlə danışmışam… O, müasir, siyasi sistemi çevik olmalıdır, iqtisadiyyatı yüksək texnologiyalar üzərində qurulmalıdır”.

Putin deyib ki, rusiyalıların həyatını yaxşılaşdırmaq istəyir. Onun sözlərinə görə, hakimiyyət Rusiya vətəndaşlarının gəlirlərinin artırılmasına diqqət ayırmalıdır və bu, infrastruktur, təhsil və səhiyyə sistemində dəyişikliklərdən ötrü vacibdir.

***

İqtisadiyyatla bağlı suala cavabında Putin deyib:

“Nəyin hesabına artırıq? Bəlkə daha çox traktor, dəzgah, kompüter buraxmağa başlamışıq?.. Artımın əsas səbəbi odur ki, 2014 və 2015-ci illərdə yaşadığımız iki şoku üstələmişik – enerjidaşıyıcılarının qiymətinin kəskin düşməsini və xarici məhdudiyyəti, necə deyərlər, sanksiyaları. Əminliklə deyirəm, sanksiyaların təsiri olmayıb, amma hər halda, təsirini göstərdi. İqtisadiyyat daha çox daxili tələbata arxalanmağa başladı”.

***

Bu, Putin-in gələn ilin martına planlaşdırılan prezident seçkisi öncəsi ictimaiyyət qarşısında son iri çıxışlarından biri sayılır.

Putin-in 1600 jurnalist üçün mətbuat konfransı Bakı vaxtıyla günorta 1-də başlanacaq.

Televiziya ilə yayımlanan bu illik tədbirdən Putin, adətən, öz imicini yüksəltmək, rusiyalılara və dünyaya siqnallar göndərməkdən ötrü yararlanır.

Putin ilk dəfə 2000-ci ildə prezident postuna keçib və bu, artıq onun 13-cü illik mətbuat konfransıdır.

Ötən ilin dekabrında 3 saat 53 dəqiqə davam edən tədbirdə Putin 50 suala cavab vermişdi. Ən uzun mətbuat konfransı isə 2008-ci ildə keçirilib, dörd saat 39 dəqiqə çəkib.

İllik mətbuat konfransından əlavə, Putin həm də hər il rusiyalıların suallarını Birbaşa Xətt vasitəsiylə cavablandırır.

Putin hər il parlamentdə də çıxış edir. Dekabrın 1-nə planlaşdırılan builki çıxış ertələnib. Təsdiqlənməmiş məlumatlara görə, Putin çıxışını gələn ilin fevralında – 18 mart seçkisindən bir neçə həftə öncə edəcək.

***

Mətbuat konfransında qeydiyyatdan keçmiş jurnalistlər arasında Ksenia Sobchak da var. O, 18 mart seçkilərində namizədliyini verəcəyini açıqlayıb.

AzadlıqRadiosunun rus xidmətinin jurnalistləri mətbuat konfransına akkreditı oluna bilməyiblər.

Baxmayaraq ki, Kremlin sözçüsü Dmitry Peskov xarici jurnalistlər üçün heç bir məhdudiyyət olmadığını deyirdi.