”Qanun”-dan oğurluqda təqsirləndirilənlərin işi istintaqa qaytarıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində Şahbaz Xudoğlunun ofisindən oğurluq etməkdə təqsirləndirilən Vüqar Səlimov, Natiq İsayev, Feyruz Novruzov, İsmayıl Yusifov və Eldəniz Vəliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Hadisə 2015-ci ilin sentyabrın 27-də baş verib.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxs Eldəniz Vəliyevin vəkili Elmira İsmayılova vəsatət qaldıraraq, Cinayət Məcəlləsinə edilmiş son dəyişikliklərlə əlaqədar təqsirləndirilən şəxslərin əməllərinin tövsif edildiyi maddələrin düzgün seçilmədiyini və işin ibtidai istintaqa geri qaytarılmasını istəyib.

Məhkəmə vəsatəti təmin edib və iş yenidən ibtidai istintaqa qaytarılıb.

Məhkəmənin qərarı ilə həmin cinayət işi aiddiyyatı üzrə yerli məhkəmələrə göndərilməlidir.

Nəsimi rayon Polis İdarəsindən verilən məlumata görə, həyata keçirilən əməliyyat tədbirlər nəticəsində saxlanılan dəstə üzvləri – Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Feyruz Novruzov, Bakı şəhər sakinləri – əvvəllər məhkum olunmuş Natiq İsayev, İsmayıl Yusifov, Neftçala rayon sakinləri – Vüsal Əsgərov, Şahmar Abdulov və Zəngilan rayon sakini Vüqar Səlimovdur.

Onlardan heroin və tiryək aşkar edilərək götürüldüyü bildirilir.

“Vüqar Səlimov və Feyruz Novruzovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların 2015-ci ildə sentyabrın 27-də Bakı şəhər sakini Şahbaz Rüstəmxanlıya (Xuduoğlu) məxsus “Nəşriyyat evi”ndən 4200 manat pul oğurlamaları, habelə Vüqar Səlimovun sentyabrın 26-da “Qanun Nəşriyyatı” MMC-yə məxsus ofisdən də içərisində 13 min manat olan seyfi oğurlaması müəyyən edilib” – məlumatda qeyd olunur.

Vüqar Səlimov “Qanun Nəşriyyatı” MMC-də çap şöbəsində çalışıb.