REAL-ın qurultayı yenə təxirə salındı

Respublikaçı Alternativ Partiyasının (REAL) dekabrın 17-ə təyin edilən təsis qurultayı təxirə salınıb.

Abzas.net xəbər verir ki, bununla bağlı Respublikaçı Alternativ Partiyasının Təşkilat Komitəsi dekabrın 15-də bəyanat yayıb.

Bəyanatda bildirilir ki, Partiya əvvəlcə I Təsis Qurultayının bu il oktyabrın 29-da keçirilməsi ilə bağlı qərar verib. Bakıda yerləşən 4 və 5 ulduzlu otel və özəl obyektlərə partiya qurultayının keçirilməsi üçün yerin ayrılması (bir günlük kirayəsi) xahişi ilə müraciət edilib. Ancaq müraciət olunan yerlər yer verməkdən imtina edib:

“Bunu nəzərə alaraq, Partiyanın Təşəbbüs Qrupu adından Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinə və Bakı Şəhər İcra Hakimiyyətinə digər siyasi partiyaların bugünədək qurultay və digər tədbirlərini keçirtdiyi obyektlərlə bağlı müraciət ünvanladıq. Hər iki qurum cavab məktublarında qurultayımızın keçirilməsi üçün onlarda uyğun yerin olmadığını bəhanə gətirdi. Yer ayırmaqdan imtina etdilər. “Qanun” Nəşriyyat Evi və “Hürriyyət” qəzeti də onlara məxsus binalarda Qurultayın keçirilməsinə razılıq vermədi. Bütün bunları nəzərə alaraq Respublikaçı Alternativ Partiyasının Təşəbbüs Qrupu Müsavat Partiyasına istifadələrində olan binanın qurultayımızın keçirilməsi üçün bir günlük ayrılması xahişi ilə müraciət edib, müsbət cavab alıb. Qurultayın 17 dekabr 2017-ci il tarixində Müsavat Partiyasının qərargahında keçirilməsi ictimaiyyətləşdirildikdən sonra Müsavat Partiyasının rəhbərliyinə Qurultaya yer verməməklə bağlı ciddi təzyiqlər göstərilməyə başlanıb. Belə ki, Dövlət Əmlak Komitəsi rəsmi məktubla Müsavat Partiyasına xəbərdarlıq edib ki, əgər Qurultay üçün ReAL-a yer verilsə, istifadələrində olan binanın boşaldılması üçün addımlar atılacaq. Halbuki bugünədək həmin binada müxtəlif siyasi partiyaların və təşkilatların tədbirləri heç bir maneə ilə üzləşmədən keçirilib”.

Bəyanatda bildirilir ki, bundan əlavə, Müsavat partiyasının başqanı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) çağırılaraq qərargahda keçirilməsi planlaşdırılan ReAL-ın Qurultayı ilə bağlı xəbərdarlıq alıb:

“Bütün bu təzyiqlərdən sonra Müsavat Partiyasının rəhbərliyi Respublikaçı Alternativ TK-na müraciət edərək hakimiyyətin təzyiqləri, xüsusən Dövlət Əmlak Komitəsinin hüquqi iddiaları ilə bağlı məsələlərə aydınlıq gələnədək Təsis Qurultayının Müsavat partiyasının binasında keçirilməsini müvəqqəti təxirə salmağı təklif edib”.

Bəyanatda Müsavat Partiyasının müraciətini və partiyanın istifadəsində olan binanın itirilməsi təhlükəsinin ciddi olduğunu nəzərə alaraq, Təsis Qurultayını müvəqqəti olaraq təxirə salmağı qərara aldığı bildirilib:

“ReAL Partiya Təsis Qurultayının baş tutmasının hər vəchlə qarşısını alan, bunun üçün zorakılıq və təhdidlərdən əl çəkməyən hakimiyyət öz addımları ilə ReAL sədri İlqar Məmmədovun artan nüfuzu və ReAL-ın ölkənin siyasi səhnəsində yeni aparıcı qüvvəyə çevrilməsindən çəkindiyini bir daha sübut etmiş oldu. Bəyan edirik ki, ölkədə olan bütün qanuni vasitələrdən istifadə edərək Təsis Qurultayımızın keçirilməsinə nail olmaq niyyətindəyik”.