Əfqan Muxtarlı daha ağır cəza gözləyirdi

Həbsdəki jurnalist Əfqan Muxtarlı daha ağır cəza gözləyib.

O, 6 il azadlıqdan məhrum edilməsi barədə məhkəmə hökmünü belə dəyərləndirib.

Jurnalistin fikirlərini dünən, yanvarın 16-sı onunla görüşən vəkili Elçin Sadıqov AzadlıqRadiosuna bölüşüb. Vəkilinin bildirdiyinə görə, Ə.Muxtarlı məhkəmədən daha ağır cəza gözləntisi içində olduğunu bildirib.

«Məhkəmədən daha ağır cəza gözləyirdim. Özümü bu cəzaya hazırlamışdım», – vəkilin deməsinə görə, jurnalist ona bildirib.

E.Sadıqovun bildirdiyinə görə, Ə.Muxtarlının fiziki və psixoloji durumu normaldır. O, səhhətindən narahatlıq bildirməyib.

Vəkilinin qeyd etməsinə görə, Ə.Muxtarlı həmçinin, ötən il dekabrın 31-də bacısı, bacısı və qardaşı uşaqlarının ölümünün istintaqından narazı olduğunu bildirib.

«Ə.Muxtarlı ölüm işinin istintaqından narazı olduğunu bildirdi. Deyir ki, hadisə ilə bağlı müəyyən şübhələri var. Bununla bağlı açıqlamasının olacağını bildirdi», – vəkil qeyd edib.