Əfqan Muxtarlının buraxılması üçün Penitensiar Xidmətə müraciət olunub

Hazırda həbsdə olan jurnalist Əfqan Muxtarlının yaxın qohumlarının yas mərasimində iştirakından ötrü Penitensiar Xidmətin rəisi Ceyhun Həsənova və Penitensiar Xidmətin rəis müavini Oqtay Məmmədova müraciət edilib.

Abzas.net xəbər verir ki, bu barədə jurnalistin vəkili Elçin Sadıqov Facebook səhifəsində məlumat yayıb. Vəkilin sözlərinə  görə, məktub dekabrın 31-də günün ikinci yarısı Penitensiar Xidmətin inzibati binasında olan qutuya atılıb: «Məktubda humanistlik göstərilməsini və Ə.Muxtarlının yaxın qohumlarının yasında və dəfnində iştirak edə bilməsi üçün Penitensiar Xidmətin əməkdaşlarının müşayiəti ilə 3-günlük icazə verilməsini xahiş etdim. Bildirdilər ki, sabah növbətçi baxıb rəhbərliyə məruzə edəcək».

Xatırladaq ki, bir sıra siyasətçilər həbsdən yaxınlarının dəfnində iştirak etmək üçün müvəqqəti buraxılıblar.