Azərbaycan səhiyyəsi: rüşvət və ölüm maşını

Əbülfəz Qurbanlı

Cəmiyyətin indi ən çox dartışacağı iki məsələ səhiyyədə və təhsildəki sıfırdan aşağı olan durumdur. Ayaq üstə qalmaq istəyən toplum – Azərbaycan cəmiyyəti üçün bu iki sahə olum-ölüm məsələsidir. Bəlkə də sivil bir ölkənin vətəndaşı bizim səhiyyə sistemi haqda bu cür təlaşlı fikirləri eşitsə, heyrətlənəcək, təəccüb edəcək.

Dünya Səhiyyə Təşkilatının bu günlərdə yaydığı məlumata görə, 2017-ci ildə Azərbaycan dünyanın səhiyyə xərclərinə ən az vəsait ayıran on ölkəsindən biridir. Bunu da çox sayan Azərbaycan hakimiyyəti 2018-ci ildə səhiyyə xərclərini daha da azaltdı. Hansı dövlətlərlə yanaşıyıq? Qəddafidən qalan Liviya, Bəşər Əsədin alov içində saxladığı Suriya, Ben Əlinin baş götürüb qaçdığı Yəmən və Afrikanın, Asiyanın ac ölkələri Eritriya, Cənubi Sudan, Kamerun, Pakistan, Myanma və Laos ilə. Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti öz vətəndaşlarına boş yerə məsləhət verməyib ki, Azərbaycana səyyahət edərkən dərmanları özü ilə gətirsinlər və çalışsınlar ölkədə əməliyyata girməsinlər.

Hələ bu başqa məsələdir ki, ölkə səhiyyəsinə ayrılan təxminən 776 milyon manat düzgün və şəffaf xərclənirmi? Axı biz tez-tez şahidi oluruq ki, təcili tibbi yardım maşınlarında insan əvəzinə tikinti materialları, mal-heyvan daşınır. Çox gülməli və faciəvi durumdur: pambıqçıları daşımaq üçün təcili yardım maşınından istifadə olunur, o da qəzaya düşüb insanları şikəst edir. Biz bilirik ki, minimal pul vəsaitinə görə insanlar vaxtlı-vaxtında müalicə ala bilmir. Ona görə də, bu vəziyyətdə vətəndaşların vəziyyətini asanlaşdırmaq üçün icbari sığorta işə düşməli idi. Bütün sivil dünyada illərdi tətbiq olunmuş sistem – icbari tibbi sığorta Azərbaycanda işləmir. Baxmayaraq ki, tibbi sığorta haqqında qanun 1999-cu ildə təsdiq olunub, icbari tibbi sığortanın tədbiqi Konsepsiyasının təsdiq edilməsi barədə sərəncam 2008-ci ildə verilib, Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə yalnız 9 il sonra – 2017-ci ildə başlanıb. Bunun üçün iki pilot rayonu seçilib – Yevlax və Mingəçevir. Nəzərdə tutulmuşdur ki, prosesə Nazirlər Kabineti  yanında İcbari Sığorta üzrə Dövlət Agentliyi nəzarət edəcək və ilkin səhiyyə xidmətində hər sığortalanana görə tibb müəssisəsinə illik 18 manat ödəyəcək.

İcbari sığorta paketinə aid olan xidmətlərin qiymətlərinə baxaq. Adi doğuşun qiyməti 300 manat, qeysəriyyə yolu ilə doğuş isə 400 manatdır. Sığortalanana çağrılan təcili tibbi yardım üçün şəhər içində 30 manat, şəhər kənarında (160 km civarında) 50 manat ödəniləcək. İxtisaslı həkim müayinəsi 8 manatdır. Ginekoloqun müayinəsinə və üstəgəl USM baxışına 8 manat müəyyənləşdirilib. Hamiləliyin USM ilə təyini 24 manatdır. Agentlik bəzi aorta koronar şunutlama (açıq ürək əməliyyatı) üçün klinikaya ağırlıq dərəcəsinə görə 4 min 720 – 6 min 320 manat ödəyəcək (ödənişin miqdarı ağırlıq dərəcəsinə görə dəyişir). Gördüyünüz kimi, qiymətlər olduqca yüksəkdir. Keyfiyyətə gələndə isə…

Bu günlərdə Mingəçevirdə baş verən hadisə icbari tibbi sığortanın tətbiqilə səhiyyənin keyfiyyətinin yaxşılaşdırması ilə bağlı hekayəni də sıradan çıxardı.

Mingəçevir şəhərin 4 saylı orta məktəbin müəllimi Zaur Museyibov məktəbdə iş zamanı ürəyindən narahatsızlaşır. Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasında xəstədə heç bir ciddi problemin olmadığı diaqnozu qoyulur və evdə müalicəsinin davam etdirilməsi tövsiyyə edilir. Halı getdikcə pisləşən xəstəni yaxınları Gəncəyə aparmaq istəyir. Mingəçevir MŞX-sı xəstə müəllimin  Gəncə Beynalxalq Xəstəxanasına aparıması üçün göndəriş vermir. Nəticədə xəstənin təcili tibbi yardımla Gəncə BX-a aparılması üçün 118 azn ödəniş tələb olunur. Cəmi 75 km-lik məsafəyə görə. Baxın, pilot sığorta layihəsi çərçivəsində pulsuz və keyfiyyətli müalicə olmalı olan Mingəçevir sakini 700 manat ödəməli olur.

Xəstə ayağın əvəzinə sağ ayağın kəsilməsi olayı səhiyyəmizin köklü müalicə üsullarının yeni formasıdır.

Nazirlərin anoloqsuz inkişaf ölkəsinin xəstəxanalarını qoyub xaricdə müalicəyə üz tutması səhiyyə sisteminin tənəzzülünə tam aydınlıq gətirən nümunədir.

Keyfiyyət problemi həm də maliyyə ilə bağlıdır. Bəlkə həkimlərin əmək haqları yaxşı olsaydı keyfiyyət də artardı, rüşvət də kəsilərdi. Analoqu olmayan neft ölkəsində ən az maaşı dövlət xəstəxanalarında çalışan həkimlər, tibb bacıları və sanitarlar alır – 150-200 manat. Müqayisə üçün Azərbaycan kimi neft ölkəsi olan Səudiyyə Ərəbistanda tibb bacısı ayda 500 dollar əmək haqqı alır.

Ardıcıl rastlaşdığımız hallardandır ki, hansısa yaxın adama, qohuma baş çəkirsən, ya zəng edirsən, deyir ki, uşaqlar xəstədir. Niyə? Bəs filan qohumgilə getmişdik, onlarda qripə yoluxdular. Və yaxud məktəbdə, bağçada kimdənsə qrip tutublar. Sadəlövh vətəndaş belə düşünür. Əslində isə ölkənin hər tinində xəstəliklər baş alıb gedir və bundan qorunmaq üçün resperotar taxmaq çıxış yolu deyil. Xəstəliklərin yayılma mənbəyi dolayısı yolu ilə hazırkı Səhiyyə Nazirliyidir, bu sahəyə dövlətin dırnaqarası münasibətidir. Hər şey bir yana, dövlət xəstəxanalarına, poliklinikalarına daxil olarkən adamı vuran üfunət iyi var,  sanki qurumayan bataqlıq ərazisindəsən.

Səhiyyənin bu cür bərbad və ölümcül olduğu şəraitdə, ölkə başçısı İlham Əliyev “Cümhuriyyət ili” ilə bağlı sərəncam imzalayır.  Ölkədə İNSANın sağlamlığı əsas hədəf deyilsə, olmaz olsun sizin cümhuriyyətçilik sevginiz.