Şahzadə Diana və sevgilisi Dodinin heykəlini Londonun mərkəzindən çıxarırlar

“The Guardian” yazır ki, rəhmətliklər Uels şahzadəsi Dianaya və onun sevgilisi Dodiyə Londonun mərkəzindəki bahalı Harrods ticarət mərkəzinin içərinsində ucaldılmış heykəl oradan götürüləcək.

Britaniya mətbuatının “şit” adlandırdığı bu bürünc abidədə Parisdə avtomobil qəzasında həlak olmuş bu iki nəfərin fiqurları öz əksini tapıb.

Londonun əsasən zənginlər yaşayan qərbindəki mağazanın içərisində bu heykəl 2005-ci ildə quraşdırılıb.

Heykəlin sifarişçisi o vaxtlar Harrods-un sahibi olan Məhəmməd əl-Fayed idi. Dodinin atası əl-Fayed bu mağazanı 2010-cu ildə 1, 5 milyard funt sterlinqə Qətərin dövlət investisiya fonduna satıb.

Mağazanın direktoru Michael Ward deyib ki, indi bu heykəli sahibinə qaytarmağın baxtı çatıb, çünki Diananın övladları – şahzadələr William və Harry analarına Kensington sarayında qoyulmaq üçün öz abidələrini sifariş ediblər.

“Biz hiss edirik ki, bu abidəni cənab Əl-Fayedə qaytarmağın vaxtıdır. Qoy adamlar şahzadə Diananın abidəsini onun öz sarayında ziyarət etsinlər” – deyib Ward.

Hələlik bu abidənin Harrods mağazasından nə vaxt çıxarılacağı və əl-Fayedin bu heykəli hara köçürəcəyi bəlli deyil.

Fayed ailəsinin sözçüsü “The Times” qəzetinə bildirib ki, ailə abidəni indiyədək saxladığı üçün Qətər fonduna minnətdardır və artıq “onları (yəni Diana və Dodini) evə gətirməyin vaxtıdır”.

Bu heykəl açılanda cənab Fayed demişdi ki, bu abidə Diananın xatirəsinə Hyde Parkda açılmış fəvvarədən daha münasib töhfədir. Fayed Hyde Parkdakı fəvvarəni “kanalizasiyaya” bənzətmişdi.

Harrods-dakı abidədə Diananın əynində kənarı yarıqlı qısa don var, Dodi isə yaxası açıq köynək geyinib. Cüt Aralıq dənizinin dalğaları üstündə rəqs edən yerdə təsvir edilib. Başlarının üstündəki fırtına quşu azadlıq və əbədiyyəti əks etdirməli idi.

“Mən bu abidəyə Günahsız Qurbanlar adını ona görə vermişəm ki, 8 ildir oğlum Dodi və şahzadə Diananın qətlə yetirildiklərini isbat edə bilmirəm, – demişdi Fayed 2005-ci ildə – Bu abidə burada əbədilik qalacaq. Onlar şahzadənin xatirəsini yad etmək üçün heç nə etməyiblər. O bütün dünyaya sevinc gətirmiş ecazkar bir qadın idi”.

Abidənin dizaynını elə mağazanın dizayner rəssamı Bill Mitchell vermişdi. O Fayed ailəsinə 40 il müddətində qulluq etmişdi.