Dünya 2030 – Natiq Cəfərli

Natiq Cəfərli

Bir çox ölkələr öz inkişaf vektorunu, yaşana biləcək problemləri, çağırışları müəyyən etmək üçün simulasiyalar keçirir, müzakirələr təşkil edir, yaxın, orta və uzaq hədəflərini müəyyən edir.

İnkişaf etmiş Qərb və Uzaq Şərq (Yaponiya, C.Koreya, Tayvan, Çin və s.) dövlətlərində yaxın 15-20 il üçün əsas müzakirə və həlli vacib mövzular bunlardır: 1) Alternativ və bərpaolunan enerjiyə tam keçid, 2) Ekoloji problemlərin həlli, 3) Demoqrafik problemlər, 4) Köçmənlərin cəmiyyətə ağrısız inteqrasiyası, 5) Post-industrial iqtisadi modelə, rəqəmsal iqtisadiyyata tam keçidi təmin etmək, 6) Yeni çağırışlara cavab verən peşələrin öyrənilməsi, 7) Süni intellektin hər sahədə tədbiqi, 8) Robotların haqqları, 9) Yeni təhsil konsrpsiyasına keçid, 10) İnsan ömrünün uzadılması.

Bu problemlərin həlli üçün minlərlə institutlar, “beyin mərkəzləri” çalışırlar, müxtəlif ssenarilər üzərində işləyirlər, yəni, sivil, müasir dünya bu yolla, gələcəyə daha hazırlıqlı gedirlər.

Müsəlman-Şərq dünyası bu diskurslarda yoxdur, hələ də çox bəsit məsələlər üzərindən bir-birinə saldırırlar, sonra da deyirlər ki, bizi Qərb inkişaf etməyə qoymur. Sanki güclü orta məktəblər, Universitetlər yaratmaqlarına ABŞ, Avropa, Yaponiya mane olur. Qərb yüz oyundan çıxır – bu heç, amma güclü təhsil sistemi olsa, müsəlman dünyası da bu oyunlara gəlməz. Güclü təhsil isə ancaq akademik azadlıqlardan doğur, akademik azadlıqlar isə fundamental azadlıqlar olmadan mümkün deyil. Deməli hələ uzun illər Şərq dünyası Qərbə uduzacaq.

Azərbaycanın bu günki diskursu çox primitivdir, hələ də 100 il öncəki mövzularsan çıxa bilmirik, hələ də: 1) Erkən nigahları, 2) Qız uşaqlarının təhsili çıxış məhdudiyyətlərini, 3) Yaxşı “Şahın” sistemdən daha vacib olduğunu, 4) Böyüyə hörmətin, qonaqpərvərliyin davranış qaydası deyil də, dəyər olduğunu, 5) “Həsəbağanın qohumu” olmağın karyera qurmaq üçün əsas prinsip olduğunu, 6) Xurafat təhlükəsini, 7) Adil insanın adil məhkəmədən daha vacib olduğunu, 8) İnkişafımıza “xarici qara qüvvələrin” mane olmasını, 9) Pambığın-pomidorun millətin nicat yolu olduğunu, 10) Gəzməyə-yaşamağa qərib ölkə, ölməyə vətənin yaxşı olduğunu – bir sözlə 100 il öncə “Molla Nəsəddin” jurnalının yazdığı mövzuları müzakirə edirik.

Halbuki Azərbaycanımızın qarşısında çox böyük çağırışlar var – sürətlə dəyişən, “yaşıl” enerjiyə keçən, bu gün aktual olan peşələrin 15-20 il sonra 75-80%-nin iticəyi bir dünyaya doğru gedirik. Dövlətimiz bu çağırışlara cavab verə bilməsə, dəyişməsə Rusiyanın pomidor və qarpız bostanına, ərəb-fars turistlərinin “bazlıq” məkanına çevrilib dünyanın ausayder ölkəsi olacaq.

Belə, düşünün xanımlar və cənablar, düşünmək ziyanlı deyil…

Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi saytımızın mövqeyi ilə üst-üstə düşməyə bilər.