Ekspert: “Azərbaycan banklarının aktivləri 5.5 milyard azalıb”

“Ölkə banklarının aktivləri bir il ərzində 5,5 milyard manat azalıb. Əli pulla oynayan banklar bu vəziyyətə düşübsə, indi görün imkanları çox-çox aşağı olan sahələrdə vəziyyət necə bərbaddır…”

Bu sözləri iqtisadçı ekspert Nemət Əliyev bildirib. Onun sözlərinə görə,  Maliyyə bazarlarına Nəzarət Palatasının 01.12.2017-ci il və 01.12.2016-cı il tarixlərə açıqladığı məlumatlardan aydın olur ki, ötən bir ildə maliyyə institutlarının banklarda yerləşdirdiyi depozitlərin həcmi 66 faiz (3 milyard manata yaxın) düşüb.

Ekspert deyir ki, bankların bir-birindən cəlb etdiyi kreditlər isə bu dövrdə 90% (1,4 milyard manat) azalıb. Fiziki və hüquqi şəxslərdən cəlb olunan depozitlərin səviyyəsi də aşağı düşüb:

“Qeyd edilən dövrdə Mərkəzi Bankın tutduğu yol onsuz da ağır vəziyyətdə olan bank sektoruna növbəti zərbə vurub: ölkədə 15 faizlik uçot dərəcəsi tətbiq edən Mərkəzi Bankdan kommersiya banklarının cəlb etdiyi vəsaitlərin həcmi 68% və ya 1,1 milyard manat azalıb”.

Nemət Əliyev

Nemət Əliyev bildirir ki, belə acınacaqlı vəziyyətə düşmüş banklarla irəli getmək mümkün deyil. Onun sözlərinə görə, bank sektoruna münasibətdə tətbiq olunan idarəçilik zehniyyətindən, nəhayət, yaxa qurtarmaq lazımdır.

“Bilmək lazımdır ki, Mərkəzi Bankın yürütdüyü hazırkı pul-kredit siyasəti iqtisadi fəallığı nəinki stimullaşdırmır, əksinə, daha da zəiflədir”, – deyə ekspert bildirir.