Hər il Azərbaycana 200 mindən çox Türkiyə vətəndaşı səfər edir

Türkiyə Səyahət Agentləri Birliyi (TURSAB) türklərin ən çox səfər etdiyi ölkələrin siyahısını açıqlayıb.

Türkiyə mediasının verdiyi məlumata görə, Azərbaycan türklərin ən çox ziyarət etdiyi ölkələr siyahısında səkkizincidir.

Belə ki, TURSAB-ın məlumatına görə, hər il qardaş ölkədən Azərbaycana 200 mindən çox turist səfər edir.

“Onların bir qismi iş, təhsil, qohum-əqraba ziyarəti səbəbi ilə Azərbaycana səfər etsələr də, tətil məqsədilə səfərlər daha önəmli yer tutur. Paytaxt Bakıdan əlavə Sumqayıt, Mingəçevir, Gəncə məşhur şəhərlərdəndir. Bundan başqa, Naxçıvan Muxtar Respublikası da səfər edilən bölgələr sırasındadır. Azərbaycan vizasını sərhəddə almaq mümkündür”, – deyə TURSAB-ın açıqladığı məlumatda qeyd olunub.

Türkiyə vətəndaşlarının ən çox səfər etdiyi ölkələr siyahısında Gürcüstan ilk pillədədir. Belə ki, hər il bu ölkəni 1 milyondan çox Türkiyə vətəndaşı ziyarət edir. Buna səbəb bu ölkəyə girişin vizasız olmasıdır.