İranda 10-dək etirazçının öldürüldüyü bildirilir

İran dövlət televiziyası antihökumət etirazlarında öldürülənlərin sayının 10-a çatdığını bildirir. Ancaq televiziya yanvarın 1-də yaydığı bu məlumatla bağlı ayrıntıları açıqlamayıb.

***

İranda antihökumət etirazlarında daha iki nəfər öldürülüb.

Yarırəsmi ILNA xəbər agentliyi yanvarın 1-də parlament üzvü Hedayat Allah Khademi-yə istinadla yazıb ki, dekabrın 31-də gecə etirazlarda iki nəfər güllələnərək öldürülüb.

“İzeh şəhərində də, digər şəhərlərdə olduğu kimi, iqtisadi problemlərə etiraz keçirilib. Təəssüf ki, iki nəfər öldürülüb, bir neçə nəfər xəsarət alıb”, – Khademi agentliyə deyib.

“Ötən gecə etirazçıların, yaxud polisin atəş açdığını bilməm”, – o, sözlərinə əlavə edib.

Dekabrın 30-da isə Dorudda iki etirazçı öldürülmüşdü.

Yanvarın 1-də İran etirazlarının beşinci günü başlanıb. Ölkəboyu yüzlərlə etirazçı saxlanıb.

***

İran prezidenti Hassan Rohani deyir ki, vətəndaşları hakimiyyəti tənqid etməkdə və etirazlara çıxmaqda “tamamilə azaddırlar”. Ancaq prezident nümayişlərdə zorakılıq, itaətsizliklə bağlı xəbərdarlıq edib.

İranda etirazlar dördüncü gündür davam edir.

Rohani dekabrın 31-də danışıb. Bu arada güc strukturları etirazçılara xəbərdarlıq etməklə, populyar sosial media şəbəkələrini bloklamaqla, İnternet xidmətlərini sıradan çıxarmaqla iğtişaşları yatırtmağa çalışır.

ABŞ prezidenti Donald Trump isə etirazçıları dəstəkləyib, hakimiyyəti “interneti bağladığına” görə sərt tənqid edib, onları küçələrə çıxanların hüquqlarını pozmaqda suçlayıb. Bu barədə Trump dekabrın 31-də Twitter-də yazıb.

“TƏNQİD ZORAKILIQ DEYİL”

Tehranda və digər şəhərlərdə etirazlar 2009-cu ildən bəri ən böyük nümayişlər sayılır. O zaman Mahmud Ahmadinejad ikinci dəfə prezident seçiləndə buna etiraz edənlər küçələrə axışmışdı.

Ötən həftə küçə toqquşmalarında azı iki nəfərin öldürüldüyü, yüzlərlə adamın həbs olunduğu xəbər verilir.

Etirazların başlanmasından sonra ilk dəfə ictimaiyyət qarşısında çıxış edən Rohani deyib ki, iranlıların etiraz hüququ var, amma bu nümayişlər ictimaiyyətin “öz həyatları və təhlükəsizliyi sarıdan narahatlığının artmasıyla” sonuclanmamalıdır.

Press TV dövlət televiziyasının məlumatına görə, Rohani hökumətin iclasında deyib ki, “adamlar tənqidlərini ifadə etməkdə, eləcə də etirazlarda tam azaddırlar”.

“Ancaq tənqid zorakılıqdan və ictimai əmlakı dağıtmaqdan fərqlidir”, – prezident söyləyib.

Prezident onu da etiraf edib ki, əhalinin narahatlığı iqtisadiyyatdan kənara çıxaraq korrupsiya iddialarını və hökumətin şəffaflıq məsələlərini əhatələyir.

İlkin etirazlar əsas ərzaq məhsullarının, yumurta və toyuq ətinin bahalanmasına qarşı idi. Sonradan sürətlə bir çox şəhərlərə yayıldı, yüzlərlə etirazçılar İslam isteblişmenti, ali dini lider ayətulla Ali Khamenei-yə qarşı şüarlar səsləndirməyə başladılar.

TRUMP-IN DƏSTƏK TVİTLƏRİ

Sosial mediada yayılan video və digər informasiyalarda etirazların dekabrın 31-də paytaxt Tehranda da keçirildiyi görünür, ancaq nümayişlərə nə qədər adamın qatıldığı aydın deyil.

Tehranın mərkəzi Ferdowsi Meydanına toplaşan nümayişçiləri polisini su şırnağıyla dağıtdığı görünür.

Rəsmilər dekabrın 31-də bildiriblər ki, bir gün öncə 200 etirazçı saxlanıb.

Bu arada hakimiyyət populyar sosial media saytlarını bloklayıb. Dekabrın 31-də Instagram və Telegram sosial şəbəkələrə girmək mümkün olmayıb.

“Biz Sedaie Mardom və digər dinc etirazçı kanalları bağlamaqdan imtina edəndən sonra hakimiyyət Telegram-ı bir çox iranlılar üçün qapadıb”, – Telegram rəhbəri Pavel Durov Dubaydan tvit atıb.

Birləşmiş Ştatlar etirazçıların saxlanmasını pisləyib, Trump Twitter-də nümayişçiləri dəstəkləyib. Rohani isə Trump-ı bu tvitlərə görə tənqid edib.