Rusiya Olimpiadaya SSRİ-nin rəmzləri ilə çıxa bilər

Rusiya idmançıları Pxençxanda keçiriləcək Qış Olimpiya Oyunlarında sabiq SSRİ-nin rəmzlərindən istifadə edə bilər.

 Bu barədə yekun qərarı Beynəlxalq Olimpiya Komitəsinin (İOC) Rusiya yığması ilə bağlı xüsusi komissiyası verəcək.

İdmançılara Rusiya bayraqları və digər rəmzlərdən istifadəsinə qadağalar qoyulduğundan azarkeşlər yığma üzvlərinə sabiq SSRİ bayrağı və himnindən yararlanmağı təklif ediblər. Onlar keçmiş və indiki himnlərin musiqisinin də bir-birinə bənzədiyini də əsas gətiriblər.

İOC dekabrın 5-dəki iclasında Rusiyanın dopinqdən təmiz çıxan atletlərinə Pxençxanda Olimpiya bayrağı altında çıxış etməyə icazə verib. Lakin bu ölkənin olimpiyaçıları müəyyən şərtlərə əməl etməlidi. Onlar Rusiyanın rəmzlərindən istifadə etməməli, mükafatlandırmada isə Olimpiya himnini dinləməlidilər. Bu məsələni tənzimləmək üçün xüsusi komissiya da yaradılıb.