Rusiya rəsmiləri və oliqarxlara qarşı sanksiya nəzərdə tutan “Kreml hesabatı” adlı sənəd Konqresə təqdim edilib

epa06321712 US President Donald J. Trump (R) and Russia's President Vladimir Putin talk during a family photo session at the Asia-Pacific Economic Cooperation (APEC) Economic Leaders' Meeting in Da Nang, Vietnam, 11 November 2017. EPA-EFE/JORGE SILVA / POOL

ABŞ Maliyyə Nazirliyi Konqresin 2017-ci ilin iyulunda qəbul etdiyi və avqustun 2-də prezident Donald Tramp tərəfindən imzalanaraq qüvvəyə minən sanksiya qanunu əsasında hazırladığı “Kreml hesabatı” adlı sənədi qanunverici orqana təqdim edib.

TASS-ın verdiyi məlumata görə, hesabat məxfi və açıq hissələrdən ibarətdir.  Sənədə 210 nəfərin adı daxil edilib. Onlardan 114-ü Rusiya Federasiyasının yüksək vəzifəli məmurları, 96 nəfəri isə dövlət şirkətlərinin rəhbərləri, o cümlədən oliqarxlardır. Bu şəxslər 4 ayrı kateqoriyaya ayrılıb: “Prezident Administrasiyası”, “Nazirlər Kabineti”, “Digər yüksək səviyyəli siyasi liderlər” və “Oliqarxlar”.

Siyahıya Rusiyanın baş naziri Dmitri Medvedev başda olmaqla, Nazirlər Kabinetinin bütün üzləri daxil edilib. Prezident Adminstrasiyasından bu orqanın rəhbəri Anton Vayno, onun birinci müavini Aleksey Qromov, prezident Putinin köməkçisi Vladislav Surkov və prezidentin mətbuat katibi Dmitri Peskov siyahıya daxil edilib.

Digər yüksək səviyyəli siyasi liderlər sırasında Federasiya Şurasının sədri Valıentina Matviyenko, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Xarici Kəşfiyyat Xidmətinin (SVR) rəhbəri Sergey Narışkin, Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikov, baş prokuror Yuri Çayka, İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin, Milli Qvardiyanın komandanı Viktor Zolotov, Moskva meri Sergey Sobyanin, “Qazprom”un rəhbəri Aleksey Miller, “Rosneft”in rəhbəri Seçin, “Sberbank”ın sədri German Qref, VTB-nin sədri Andrey Kostin və digərlərinin adları var.

Oliqarxlar siyahısına isə Roman Abramoviç, Oleq Deripaska, Leonid Fedun, Mixail Qutseriyev, Yevgeni Kasperski, Leonid Mixelson, Vahid Ələkbərov, Araz Ağalarov, Fərhad Məmmədov kimi məşhurların adları daxil edilib.