Serb siyasətçi Kosovoda qətlə yetirilib

Kosovonun şimalında serb siyasətçi Oliver Ivanovic güllələnərək öldürülüb.

Bu haqda Ivanovic-in vəkili məlumat verib.

Etnik serb olan Ivanovic ölkənin şimalındakı Mitrovitsa şəhərinin serblərin üstünlük təşkil elədiyi şimal hissəsində ofisinin qarşısında öldürülüb.

Vəkili Nebojsa Vlajic Azadlıq Radiosunun Balkan xidmətinə deyib ki, siyasətçi yanvarın 16-da güllələnərək qətlə yetirilib.

Ivanovic Azadlıq, Demokratiya və Ədalət (SDP) adlı vətəndaş təşəbbüsünün prezidenti idi. 2017-ci ildə Kosovoda yerli seçkilərə bu təşəbbüsdən namizədlər qatılmışdı.

Ivanovic 2008-2012-ci illərdə Serbiya hökumətinin üzvü olub. Kosovonun 2008-ci ildə müstəqillik elan etməsinə baxmayaraq, Serbiyanın Kosovo və Metohiya üzrə Nazirliyinin dövlət katibi kimi çalışıb.

O, həmçinin 2009-cu ilədək Serbiya Sosial Demokratik Partiyasının Kosovodakı lideri olub, sonradan SDP-yə prezidentliyə başlayıb.

1998-1999-cu il Kosovo müharibəsindən öncə, Kosovo Serbiyada muxtar vilayət ikən, Ivanovic Mitrovitsada Trepka şaxtasının meneceri idi.

Kosovo məhkəməsi Ivanovic-i 1998-1999-cu il müharibəsi zamanı hərbi cinayətlər törətməkdə təqsirli bilmişdi. Amma sonradan hökm ləğv olundu və təkrar məhkəmə gedirdi.