Teleqüllə yaxınlığında yaşayan sakinlər müvəqqəti sığınacaqlarda gecələyiblər

Bayıl yamacında, Bakı Televiziya Qülləsinin yaxınlığındakı sürüşmə sahəsində yaşayan sakinlər müvəqqəti sığınacaqlara yerləşdirilib.

Bu barədə Səbail Rayon İcra Hakimiyyəti məlumat verib.

Başqa yerdə gecələməyə imkanı olmayan sakinlər rayon ərazisindəki idarə, təşkilat və müəssisələrdə yaradılmış müvəqqəti sığınacaqlara yerləşdirilir. Əksər sakinlərə 49 və 51 saylı orta məktəblərdə sığınacaq verilib. Onlar qida və su ilə təmin olunub.

Hazırda ərazi polis nəzarətindədir. Məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarının nümayəndələri həmin ərazidə olub və sürüşmə sahəsinə baxış keçirib. Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində xüsusi qərargah yaradılıb. Qərargahın iclasından sonra Səbail Rayon İcra Hakimiyyəti və Polis İdarəsinin əməkdaşları həmin ərazidə olaraq sakinlərlə görüşüb.

“Teleqüllə” sürüşmə sahəsi – Teleqüllədən 200-250 m cənub-şərqdə yerləşir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, sürüşmənin baş verməsinə atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsi səbəb olub. Sürüşmə sahəsində 7 metr dərinliyində, 1 metr enində çatlar yaranıb.