Terrorçulara dəstəkdə ittiham olunan Türk Təbiblər Birliyinin üzvləri saxlanılıb

Türk Təbiblər Birliyinin (TTB) terrorçulara dəstəkdə ittiham olunan 11 üzvü barəsində həbs qətimkan tədbiri seçilib.

Ankara Baş Prokurorluğu Türkiyə Silahlı Qüvvələrinin Suriyada apardığı “Zeytun budağı” əməliyyatı ilə bağlı bəyanat verən TTB-nin Mərkəzi Şurasının 11 üzvü haqqında istintaqa başlayıb. Arasında Birliyin rəhbəri Rəşid Tükel də olmaqla 8 nəfər saxlanılıb.

TBB-nin “Zeytun budağı” əməliyyatı ilə bağlı bəyanatı terrorçulara dəstək kimi qiymətləndirilir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da məsələyə münasibət bildirib: “Türk Təbiblər Birliyi deyilən qurum “Savaşa xeyr” adlı kampaniya aparmaq istəyir. Terrorçulara məhəbbət bəsləyən belələrinin “Barışa hə” dediklərini eşitmədik”.

83 245 üzvü olan TTB 1953-cü ildə İstanbulda təsis olunub.

Yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.