Tunisdə etirazlar islahatlara səbəb oldu

Tunis höküməti son günlər ərzində sərt iqtisadi siyasətə qarşı keçirilmiş nümayişlərdən sonra sosial islahatların keçiriləcəyini elan edib.

Etirazlar, keçmiş prezident Zeynalabdin bin Əli hökümətinin devrilməsinin 7-ci ildönümünün tamam olması ərəfəsinə təsadüf edib.

Nümayişlərdə iştirak edənlərdən 800-dən çoxu həbs edilib.

Bu arada, son hadisələrlə bağlı, hökümətin təcili iclası keçirilib.

Prezident Əl-Bəci Kaid es-Sibsi xalqın əziyyət çəkdiyini başa düşdüyünü bildirib.

Müxalifət partiyaları bazar günü nümayişlərin davam etdirilməsinə çağırıb.

Müxalifətçilər hesab edir ki, prezident Zeynalabdin bin Əli hökümətinin devriməsindən sonra ötən dövr ərzində ölkədə vəziyyət yaxşılaşmayıb.

Tunisdə son nümayişlər dalğası yanvarın 7-dən başlayıb, hökümət 2018-ci ilin büdcəsi üçün əlavə dəyər vergisi və sosial məqsədli rüsumları, eləcə də bəzi malların qiymətini artırdıqdan sonra.

Nümayişlər ölkənin ən azı 10 müxtəlif rayonunda keçirilib, o cümlədən, paytaxt Tunisdə də.

Dinc tərzdə başlayan etirazlar sonradan nümayişçilərlə polis arasında toqquşmalarla müşayiət olunub.

Hökümət, nümayişçiləri polis avtomobillərinə od vurmaqda və rəsmi şəxslərə hücum etməkdə ittiham edib.

Etiraz aksiyalarında iştirak edənlərin bəziləri ticarət obyektlərini ələ keçirməyə cəhd göstərib, digərləri yolları bağlayıb.

Müdafiə naziri banklar, poçt idarələrinin və digər hökümət binalarının ordu tərəfindən mühafizə olunduğunu bildirib.

Daxili İşlər nazirinin bildirdiyinə əsasən, zorakılıq və qərətçiliyə görə indiyədək 803 nəfər şübhəli qismində saxlanılıb.

Nazir deyib ki, hadisələrin gedişində təhlükəsizlik qüvvələrinin 97 əməkdaşı yaralanıb, lakin etirazçılardan neçəsinin yaralandığı barədə məlumat verilməyib.

017-ci ilin dekabrında Beynəlxalq Valyuta Fondu (BVF) Tunisə büdcə kəsirini azaltmaq üçün “təcili və qəti tədbirlər” görməyi tövsiyə edib.

2015-ci ildə Tunis BVF-dən $2,9 milyard borc alıb.