Türkiyə təyyarələri Afrində aeroportu bombalayır

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Baş Qərargahı Suriyanın Afrin bölgəsində həyata keçirilən antiterror əməliyyatları ilə bağlı bu günə olan hesabatı açıqlayıb.

“Zeytun Budağı” əməliyyatı zamanı bu günədək 712 terrorçu məhv edilib.

Təkcə ötən gün 63 terrorçu və İŞİD, PKK qruplaşmalarının silah-sursat anbarları kimi istifadə etdikləri 22 hədəf məhv edilib.

Bu dəqiqələrdə yayılan məlumata görə isə Türkiyənin Hərbi Hava Qüvvələri Afrin şəhəri yaxınlığında “Minnak” hava limanını bombalayır.

Türkiyə KİV-i hərbi mənbəyə istinadən bildirir ki, hava hücumlarına məruz qalan aeroportdan terrorçuların baza olaraq istifadə etdikləri barədə məlumat əldə edilib.

Son dəqiqələr həmçinin Afrin yaxınlığındakı Maranez və Bafel yüksəklikləri uğrunda döyüşlər getdiyi bildirilib.