Əfv Komissiyası növbəti dəfə yığışıb

Azərbaycan prezidenti yanında Əfv Məsələləri Komissiyası bu gün, fevralın 8-i 100-dən artıq məhbusun müraciətinə baxıb.

Bu haqda “Turan” agentliyinə komissiyanın üzvü Əliməmməd Nuriyev məlumat verib.

Onun bildirdiyinə görə, komissiyanın növbəti toplantısında əfvlə bağlı müraciətlərin bir qismi araşdırılıb.

Müraciətlərin bir çoxuna müsbət qiymət verildiyini ifadə edən Ə.Nuriyev ad çəkməyib.

“Hər bir məhbus barədə Qeyri-Hökumət Təşkilatları, vəkilləri, yaxınları müraciət edə bilər. Müraciətlərə baxılarkən heç kimə fərq qoyulmur, geniş müzakirə olunur, arayış hazırlanır, rəylər verilir”, – Ə.Nuriyev bildirib.

Əfvdən ötrü edilən müraciətlərə baxılması başa çatdıqdan sonra uyğun sayılan siyahı ölkə başçısına təqdim ediləcək.

Bu il əfv komissiyasının ilk toplantısı yanvarın 30-da keçirilmişdi. Komissiya daha sonra fevralın 2-də toplanmışdı.

Həmin vaxt açıqlanmışdı ki, komissiyaya əfv edilməsini istəyən 1000-dən artıq məhbusun müraciəti daxil olub.