Əli İnsanov məhkəməyə məktub göndərdi

Keçmiş səhiyyə naziri Əli İnsanovun daha 7 il azadlıqdan məhrum edilməsi haqda hökmü qüvvədə saxlayan Ali Məhkəmənin bu qərarı verməsindən bir aydan çox vaxt keçib.

Amma qərar hələ də Ə.İnsanova təqdim olunmayıb. Sabiq nazir bununla əlaqədar fevralın 19-da Ali Məhkəmənin sədri Ramiz Rzayevə məktub göndərib.

Ə.İnsanov məktubunda yazır ki, Azərbaycan məhkəmələri saxta və qurama ittihamla onu 7 il 5 gün azadlıqdan məhrum edib:

«Bu işlə bağlı Ali Məhkəməyə şikayətimi hakim Fərhad Kərimov heç bir səbəb olmadan 7 ay süründürdü. Sonda da saxta və qurama ittiham əsasında çıxarılmış hökmü qüvvədə saxladı. Ali Məhkəmənin qərarı bu günə qədər mənə verilməyib. Hesab edirəm ki, bu qanunsuz hərəkətlər Avropa Məhkəməsinə şikayət göndərməyimi yubatmaq məqsədi güdür».